Əsas məzmuna keç

Qəzəl

Səqahüm rəbbihüm xəmri dodağın kövsərindəndir

İmadəddin Nəsimi

1

Səqahüm rəbbihüm xəmri dodağın kövsərindəndir, Bu meydən içənin noğlu hədisin şəkkərindəndir.

Səba mişkin dəmindən kim, müəttər qılmış afaqı, Müənbər zülfi-pürçinin əbirü ənbərindəndir.

Əgərçi əhli-tövhidə saçın həblülmətin oldu, Səvadülvəchi-fiddareyn anın sevdalərindəndir.

Dəmi-Isa kimi nitqin dirildir cansız əşyanı, Bu mö’cüz canfəza lə’lin müfərrəh gövhərindəndir.

Qiyamət qopdu hüsnündən, çalındı sur, həşr oldu, Bu qovğalar ki, yayılmış, anın şuri-şərindəndir.

Behiştin əsvədül-eyni ki, hurül-eyndürür adı, Yazılmış xəlqə bir ayət camalın dəftərindəndir.

Fəqih, ey əhsəni-surət, səni məscud əgər bilməz, Bu asi divi-məl’unun xətası rəhbərindəndir.

Üzündür qulhüvərrəhman, saçındır əlləməl-Qur’an, Əcəb, şol canların canı nə kamın gövhərindəndir?

Nigaran nərgisi-məsti nə fəttan eyn imiş gör kim, Necə ruhül-əmin əsrük xumarın əbhərindəndir.

Gəl, ey can, eydə qurban ol ki, qurban olmayan eydə, Nə oldu fitrə eydindən, nə anın əkbərindəndir.

Cahanın möhnəti çoxdur, anın dərdi-sərindən keç Kim, irağ olduğu həqdən anın dərdi-sərindəndir.

Nəsimi masivəllahdan kəsildi, dilbəri buldu, Nəsimi neyləsin, çünkim inayət dilbərindəndir.

Lüğət: Xəmr – Şərab; Şol – O; Eyn – Göz; Əsrük – Sərxoş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.