Əsas məzmuna keç

Qəzəl

Sənsiz nə yesəm, qüssəvü qəm, dərd ilə qandır

İmadəddin Nəsimi

2

Sənsiz nə yesəm, qüssəvü qəm, dərd ilə qandır, Gəlgil, dodağın şərbətinə canımı qandır.

Vəslindən iraq eyləyəli canımı təqdir, Işim dünü gün ah ilə fəryadü fəğandır.

Ey sərvi-rəvan, başıma lütf eylə, qədəm bas, Gör kim necə eynindən iki çeşmə rəvandır.

Vəslin dilərəm, canü cahan olmasa qəm yox! Aşiqlərinə vəsli-rüxün canü cahandır.

Bürqə götür, ey şəmsü qəmərçöhrəli, xəlqi Pərvanə kimi şəm’i-rüxün nüruna yandır.

Ey xirqə geyən yol urucu zahidi-salus, Şirkindən arın, xirqəni gəl vəhdətə bandır.

Zülfünlə rüxün, hər necə kim, müshəfə baxdım, Gördüm ki, anın surələri nurü duxandır.

Təhqiqə irən taifəyə hərgiz ulaşmaz, Təşkiklə qalanın işi təqlidü gümandır.

Yalançı münafiqdir, anın yoxdur imanı, Ey qafil, oyan, könlünü qəflətdən oyandır!

Ey aşiqə kafir deyən, imana gəl, utan, Kafir demə aşiqlərə niçün ki, yalandır.

Eşqində Nəsimi olalı xalqa məlamət, Məşhuri-cahan olduğu aləmdə əyandır.

Lüğət: Bürqə – Niqab, örtük; Xirqə – Zahidlərin geydiyi qaba paltar; Duxan – Tüstü; Hərgiz – Hələ; Münafiq – Yaltaq, qeyri-səmimi; Nifaq salan; Məlamət – Danlaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.