Sənsiz etsək, gözəlim, söhbəti-can, ləzzəti yox
Sənsiz etsək, gözəlim, söhbəti-can, ləzzəti yox, Etsə şirin bizə hər kami-cahan, ləzzəti yox.
Dəbədəm zikri-ləbin virdi-zəban oldu mənə, Başqa bir şərbətin ağzımda, inan, ləzzəti yox.
Badeyi-təlxin əgər saqisi gülçöhrə deyil, Imtahan olmuş o yüz dəfə, inan, ləzzəti yox.
Vədeyi-vəsl verib, qoyma gözüm yollarda, Keçsə bir ömr, əzizim, nigaran, ləzzəti yox.
Öldürür yar məni cövr ilə, bilmir ki, mənə Qaməti olmasa, bu ruhi-rəvan, ləzzəti yox.
Sağəri-dəhrdə yox zəhri-cəfadan başqa, Əhli-eşqə necə dövr etsə zaman, ləzzəti yox.
Şərbəti-dərdi-məhəbbət bizə şirindir, əgər Başqa hər kami bizə versə cahan, ləzzəti yox
Ey Füzuli, qocalıbsan, daha kam axtarma, Mülki-dünyadə dəxi etmə məkan, ləzzəti yox.