Sənsən gözəlim hər gözəlin əfsəri-tacı
Sənsən gözəlim hər gözəlin əfsəri-tacı, Hər ölkədən alsan yeri var bacı-xəracı.
Şəkkər ləbini ver əmim ey qönçə dəhanım, Çünki mərəzi-eşqin odur qəti əlacı.
Hər bir sözünün kəlməsi bir acı həqiqət, Bimara dəva nəfi nədir olmasa acı.
Daşdır acı söz şişə mənim qəlbi-həzinim. Sındırma amandır o daş ilə bu zücacı.
Vaiz məni gəl Kəbəyə göndərmə, nə hacət, Mən olmuşam ol qibleyi-əbru ilə hacı.
Məqbul deyil səcdəyi-xaki-dəri dilbər. Qəlbində əgər parlamasa eşq siracı.
Batil orucun əcrinə aldanma Şəfai, Ehsan elə, doydur para əpbəklə bir acı.