Əsas məzmuna keç

Qəzəl

Səninlə, ey büti-məhruy, mehriban mən idim

Xurşidbanu Natəvan

1

Səninlə, ey büti-məhruy, mehriban mən idim, Ənisi-munis idim, yari-həmzəban mən idim.

Cəmalının gülünə nişi-xar tapmadı əl, Ki, hüsn bağına peyvəstə bağban mən idim.

Səriri-nazdə sən xabi-naz edən gecələr, Səbahədək səri-kuyində pasiban mən idim.

Səbəb nə oldu məni hicrə mübtəla qıldın? Nisar edən səri-kuyində cismü can mən idim.

Rəvadı bunca çəkim dərdi-firqətin, axır, Vüsal günləri, ey dust, kamiran mən idim.

Bəla xədənginə, neylim, məni nişan qıldın, Rəqib tənəsinə xatiri-nişan mən idim.

Səlamət əhli nə bilsin nədi məlaməti-eşq? El içrə şöhrəti-eşq ilə dastan mən idim.

Qəmi-fəraq ilə könlüm olanda dərhəmi-zar, Ümidi-vəsl ilə hər ləhzə şadman mən idim.

Driğ yanmadı yar, görmədi fəraq odunu, Neçün güman eləməz eşqdə yanan mən idim.

Həmişə vəslin ilə şadi-xürrəm olmuşdum, Bu hicr oduna yanan zarü Natəvan mən idim.

Lüğət: Həmzəban – dilbir; Peyvəstə – həmişə; Pasiban – gözətçi; Nisar – saçmaq; Firqət – ayrılıq; Dərhəm – pozulmuş; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.