Səni görcək ürəyim yanmadı, xəndan oldu
Səni görcək ürəyim yanmadı, xəndan oldu, Necə Ibrahimə od bağü gülüstan oldu.
Sinəmin həbsinə düşdü qana dönmüş ürəyim, Zəhmi-peykanın onu tapmağa ünvan oldu.
Dil zənəxdanın içində tapıb asudəliyi, Quyu da Yusifi-Kənanə nigahban oldu.
Yıxdı şadlıq evimi seyli-sirişk ilə mənim, Ta ki, qəm zövqünə agah dili-suzan oldu.
Məni peyvəstə tapır hər yol itirmiş möhnət, Ta qaranlıq gecəm ahımla çırağban oldu.
Gözümün nuru gəlib çatmadı rəna qədinə, Çünki qəddin ucalıb sərvi-xuraman oldu.
Millətin, məmləkətin piri-müğan Kəbəsidir, Dəfn olub orda Füzuli, belə zişan oldu.