Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş
Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş. Bağışla, bilmədim biganələrlə aşinasənmiş.
Səni ayineyi-məqsud sandım rubəru durdum, Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş.
Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq, Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş.
Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən, Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş.
Kimin zülfünə bənd oldunsa, Seyyid, bivəfa çıxdı, Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş.