Əsas məzmuna keç

Qəzəl

Sənəma, üzün gülündən gülə-gülə gül utandı

İmadəddin Nəsimi

1

Sənəma, üzün gülündən gülə-gülə gül utandı, Xəcil eylədi dodağın şəkəri, nabatı, qəndi.

Qara qaşların yayından mana kirpik oxun atar, Ala gözlərin məgər kim, yenə qanıma susandı.

Sitəm etmək ilə haşa ki, könül usana səndən, Kimə aydayım ki, anın sitəmində can usandı.

Gözünü düzüb süzərsən, dilü cana qəsd edərsən, Bu nədir ki, sən qılırsan, çələbim, bəgim, əfəndi?

Nə bahaya qiymət etsəm səni, ey şikari-dövlət Ki, cahan mətahi dəyməz qılına saçın kəməndi.

Dünü gün iki gözümdən axıdır ənar danə, Cigərim qanilə gör kim, bu yüzüm nə xoş boyandı.

Qara sünbülün niqabı ki, hicabı düşmüş aya, Götür, ey sənəm, üzündən ki, Nəsimi oda yandı.

Lüğət: Çələb – Tanrı; Ənar – Nar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.