Səndən özgə, dəlbəra, heç kim mana yar olmasun
Səndən özgə, dəlbəra, heç kim mana yar olmasun. Cövri-eşqindən mənim tək kimsə bimar olmasun.
Kafərin rəhmi gəlür mən dərdməndin halinə, Leyk kafər sən təki yari-sitəmkar olmasun.
İstəməz bu xəstə könlüm özgələrinin minnətin, Canıma vəslindən özgə nəstə ğəmxar olmasun.
Gərçi bülbüllər qamu gülzar istər zar-zar, Səndən özgə könlümə aləmdə gülzar olmasun.
Bu Xətayi xəstəni divanə zahid məst oxur, Eşqiniz canımda ol bir ləhzə hüşyar olmasun.
Lüğət: Cövr – zülm; Bimar – xəstə; Qamu – hamı