Səndən ötrü neçə müddətdi məlamət çəkirəm
Səndən ötrü neçə müddətdi məlamət çəkirəm, Tiflsən, sən nə bilirsən ki, nə möhnət çəkirəm.
Çərxi-dəvvar ilə yerdən gögə vardır fərqim, O çəkə bilmədi, mən bari-əmanət çəkirəm.
İstəməzsən, dedim, ey mah, qübari-qədəmin? Dedi: rövşəndi bu, yerdən gögə minnət çəkirəm.
Pərdeyi çeşmimə mümkündü çəkəm surətüvi, Mərdümi-didə rüxün görməgə qeyrət çəkirəm.
Etdi ayineyi-rüxsarüvi axır tirə, Çəkdigim ahlərə indi xəcalət çəkirəm.
Yar olub özgələrə yar, çəkir zövqü səfa, Düşmüşəm mən quru böhtanlara töhmət çəkirəm.
Dedilər öldürəcək yar səni, ey Seyyid, Tanrı şahiddi ki, bu xeyr işə həsrət çəkirəm.