Əsas məzmuna keç

Qəzəl

Sən mənim, ey ləbi canbəxş ki, cananımsan

Seyid Əzim Şirvani

1

Sən mənim, ey ləbi canbəxş ki, cananımsan, Sənə qurban nə deyim canı ki, sən canımsan.

Neylirəm sərvi, uzun söz nə gərəkdir, ey gül, Rast oldur ki, özün sərvi-xuramanımsan.

Neylirəm sərvi, gülü gülşəni, ey laləüzar, Sən mənim sərvü gülü sünbülü reyhanımsan.

Mən sənin murinəm, ey səbz-xətü müşkinmu, Sən mənim təxti-hökumətdə Süleymanımsan.

Yoxü-varımdı fəda, ey dəhəni-yar, sənə Ki, mənim dəhrdə sən munisi-pinhanımsan.

Kakilin ayəti-«Vəlleyl»di, «Vəşşəms» yüzün, Sən mənim məktəbi-üşşaqdə Quranımsan.

Dün dedin kim, mənə, ey şah, gədadır Seyyid, Elə bildim ki, dedin aləmə sultanımsan.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.