***
***
Aşiqəm saf ürəkli, tinəti pak, Məni heyran edib bu sirri-cəmal.
Hüsn xəttilə mahparələrin, Eylərəm eşq içində kəsbi-kəmal.
Nəfs ləzzətlərindən azadəm, Ləzzəti-nəfsi etmərəm də xəyal.
Mənə şəhrin gözəllərindən leyk Ayrı düşmək olubdur əmri-məhal.
İş-gücüm hər zaman sürünməkdir, Nazəninlər dalınca sayə misal.
Onda ki, mahparələr məndən Qaçaraq eyləyir məni bihal.
Onların arxasınca biaram Qaçaram, bir dəm etmərəm ehmal.
Lütf üzündən baxarkən arxamca, Ta olam kamyabi-bəzmi-vüsal.
Ixtilatından onların qaçaram, Etmərəm öz vücudumu pamal.
Olmamış başqa adət ömrümdə, Buna şahiddir iyzədi-mütəal.
***
Dedi Əhməd: Əli mənlə olub Harunla Musa tək, Şəriklik rəmzi var bunda, kəmali-cahü izzətdir.
“Nübüvvətdə Əlinin dəxli yoxdur”, – ey deyən kimsə! Nübüvvət əmrinə şirkət deyil bu, hifzi-ümmətdir.
Deyirlər dari-dünyadən gedən vəxtində Peyğəmbər, Əlini, söyləmişdir, hifz qılmaq eyni-itrətdir.
Bir ali firqədir məhşər olunca nəsli-Peyğəmbər, Bəqayi-dinə baisdir, həm onlar kani-himmətdir.
Kimi görsəm Peyəmbər nəslidir, Ali-Əlidəndir, İki ali məqamın nəsli-paki çünki şirkətdir. *** Dərdü möhnət torudur dairəsi dünyanın, Arif oldur ki, belə dairədən durdu kənar.
Bütün ömrün keçirər guşeyi-rahətlikdə, Gərdişi-çərxi-fələkdən əbədi rahət olar.
Nə elə fikri olar ki: nə edim, çarə nədir, Nə elə qeyddə, ya Rəb, nə olar axiri-kar?
***
Şükr edin, Rumun ey zərifləri Ki, fələk verdi böylə kam sizə.
Bizlərin yox sizinlə nisbətimiz, Bizdən əla verib məqam sizə.
Mahrulər qulamıyıq bizlər, Mahrulər olub qulam sizə. ***
Ey ağıl sahibi, unutma bunu, İki kəsdən sənə çətinlik olar.
Biri oldur ki, sevməyir o səni, Hər görəndə səni olur bizar.
Həm ikinci odur ki, qəlbin onu İstəmir, görməyin olur naçar.
***
Heyrəti mülki-Əcəmdən, mən Ərəb mülkündən, Sözümüzlə elədik hər ikimiz kam tələb.
Ona zər bəxş elədi mülklə, mənə lütfi-nəzər, Verdilər kamımızı şahi-Əcəm, şahi-Ərəb.
Sən bizi lütfinlə kamran etdin, Biz qara torpaqdıq, sən insan etdin. Gizli elmləri öyrədib bizə, Hər iki aləmə hökmran etdin.
Qüdrətin səbəbdir xilqətimizə, Lütfün maya oldu tinətimizə. Sənə itaətə durmuşuq hər an, Möhtac olmasan da taətimizə.
Əgər əhl adamsan, taleyə inan, Riza mühitindən çıxma heç zaman. Anla ki, rizanın min bir ədədi Alınmış Allahın min bir adından1 . Bu yazıq könlümü eşqin etdi zar. Gözümü qan-yaşla doldurdun, nigar! İstərəm yandırıb xəstə qəlbimi, Bu dərddən canımı qurtarasan, yar!
Eşqinə olmuşdur canımız əsir, Şövqünlə yoğrulmuş bu maya, xəmir. Kuyin olmuş daim yerimiz bizim, Zövqümüz eşqinin dərdü qəmidir.
Ey zülfü bizləri rüsva eyləyən, Eşqin bir çiçəkdir, könlümüz çəmən. Yanağın işıqlı şamdır, gözəlim! Gözümüz nur alır şölələrindən.
Yoxdur bu dünyada bizə həmdəm, yar, Heç kəsin qəmini çəkmərik zinhar. Nə bizim aləmdən xəbərimiz var, Nə bizim aləmdən aləm xəbərdar.
Canımda gizlidir eşqinin qəmi, Odur hər dərdimin əsl məlhəmi. Dolanır qan kimi hər damarımda, Odur həyatımın səbəb, həmdəmi.
Məhəbbət yüküdür bu çəkdiyim bar, Eşqin ələmiylə könül biqərar. Məhəbbət qəmidir mənim köməyim, Bu sevda qəmindən olmaram kənar.
Bir yürü, görünsün o rəna qamət, Baxım camalına, ey mahtələt! Payinə məstanə baş qoyum, bəlkə Mən xaki-payini edim ziyarət.
Hər gecə zülfünün eşqindəyəm, yar! Onunçun oluram daim biqərar. Üzünün günəşi çıxınca, könlüm Sübhədək şam kimi əriyib yanar.
Ya Rəb! Arzumuzu özün et rəva, Kömək et, mənalı söz edək inşa. Bundan da sənətkar ustad et bizi, Ta ki, Mustafayə eyləyək dua.
Əcəm, türk, ərəbin sənsən rəhbəri, Yüksəlir hər kəsin sənlə hünəri. Hər kəsin qiyməti ədəb-ləqəbsə, Ədəbin səninlə artar dəyəri.
Gözəlim dil açıb soruşmadı hal, Kamamı vermədi o şirinməqal. Vəslindən olmadı hasil muradım, Ömür başa gəldi, gəlmədi vüsal.
Məhvəş gözəllərdən vəfa gözləmə, Cəfakar olandan səfa gözləmə. Pislərdən sən pislik görərsən, lakin Yaxşıdan yaxşılıq, haşa, gözləmə.
Könül, həvəs varsa başında sənin, Keç candan ki, odur öz yolkəsənin. Özünü inkar et, xudanı isbat, Bax, budur mənası “lailahənin”.
Könlü xərab edir o gözəl canan, Onun ay üzünə göz qalır heyran. Təşbih etməyiniz üzünü aya, Çünki ay eşqində qalıb sərkərdan.
Kim olmaz vəslinə sənin tələbkar? Kim görsə hüsnünü olmaz biqərar? Halından hansı hal xarab deyildir? Xəyalından heç kəs xali deyil, yar!
Kərbəladə yatan hər halda ikən, Torpağa dönsə də düşməz dəyərdən. Torpağın götürüb təsbeh edərlər, Keçər şərafətlə bir-bir əllərdən.
Ey xurma ağacı, qələmin məşhur, Hər xəttin Xızıra işıq yoludur. Ümid var ki, alar xəstə gözümüz Ayaq torpağının sürməsindən nur.
Zülfünün əsiri mişk olur müdam, Ənbərsə xəttinə olmuşdur qulam. Sən başdan ayağa hüsnü camalsan, Mən başdan ayağa sənə qurbanam.
Ömrüm nə mənasız, nə hədər keçdi, Sənətdən hələ çox bixəbər keçdi. Ömür keçdisə də əfsus etmirəm, Əfsus o ömrə ki, bisəmər keçdi.
Yarın rəhmsizcə eyləsə qovğa, Xoş ol, səadətdir yardan hər cəfa. Dostdan dərd gələrsə aşiq qəlbinə, Nə qorxu? Çün dərdə özüdür dəva.
Dünyada hər cəfa eyləyə dilbər, Öz məst aşiqinə nəsihət eylər. Desə ki, sevgidən, nəfsdən əl çək, Kafidir dilbərdən bu nəsihətlər.
Nə qədər ürəkdə var belə sevda, Qəlbi bürüyəcək kədər, qəm, cəfa. Aşiqlik bəlası ayrılmaz bizdən, Bizə aşiq olub, deyəsən, bəla.
Bu dünya əhlinin sonu ədəmdir, Fərəhin, şadlığın axırı qəmdir. Rahatlıq uğrunda əzab çəkmə çox Ki, bu qiymətli şey bir boş rəqəmdir.
Eşqindən tapmadı bir işim əncam, Öldüm, dodağından almadım da kam. Eşqinin mən kimi mübtəlası yox, Görmədim rahatlıq, olmadım aram.
O gözlər işığı, ayüzlü canan, Onda var başqa bir məlahət hər an. Çətindir ki, qalsın aşiq bir halda, Məşuqu müxtəlif hal alan zaman.
Sənin nə şərikin, nə varisin var, Hər şey gəlib-gedir, sənsən bərqərar. Bir sənin zatındır qədim, əbədi, Xilqətdə hər şeyə sənsən səbəbkar.
Əmrinlə bitişib birləşmiş məzac, Xilqətdə bu aləm sənədir möhtac. Xəstəlik, çətinlik, hər iş, hər əməl, Sənin dərgahından istəyər əlac.
Aləm varlığına aydın bir dəlil, Hər zərrə açmışdır zikrin üçün dil. Səndən olmayan söz qələtdir tamam, Sənə bərəks olan iş rəva deyil.
Ey könül, darısqal dünyanı burax, Get geniş fəzalı fənayə ancaq. Qoyma ki, göyərib bu dar bağçada Arizu ağacın ata qol-budaq.
Qəlbin inlətməyən ayrılıq, hicran Vüsalın zövqünü bilməz heç zaman. Dünyada möhnətsiz rahatlıq yoxdur, Biri o birisiz olmamış bir an.
Hər gözəl qəlbimə bir fərəh saçar, Gözəllər eyləyər məni bəxtiyar. Sevgidən başqa şey istəməz könül, Ondan əl çəkmərəm qoysa kirdigar.
Naləmlə etmədi yar mənə imdad, Fəryadla etmədi o, könlümü şad. Əfsus ki, bir təsir etmədi dadım, Fəryad ki, bir işə dəymədi fəryad.
Qəza etdi məni sənə giriftar, Məni heyran qoydu o ləb, o göftar. Qiyamət günündə nə cavab verər O kəs ki, eylədi məni böylə zar?
Varlıqdan bir əsər olmayan dəmdə, Zəmanə yatarkən xabi-ədəmdə, Nurumda od yoxkən, gülümdə tikan, Mənlə yar rəqibsiz vardıq aləmdə.
Seyidlər göz nuri, taci-sərdirlər, Ədəbdə onlara yoxdur bərabər. Gərək düz yolundan çıxmasınlar heç, Çünki ümmətinə rahibərdirlər.
Seyid olmalıdır hər işdə yüksək, Surətdə, siyrətdə böyük cəddi tək. Əməli pis olan hər nakəs adam Məhəmməd ümməti olmasın gərək.
Çəkəndə nəqqaşı yar surətini, Xalını, zülfünü, lətafətini, Məna zühuriyçün aşiq gözündə Nəqş etdi dildarın məlahətini.
Aləmdə o dildar görünən zaman, Hər an bir surətlə oldu nümayan. Surətlər, şəkillər pərdəsini çox Yoxladıq, tapmadıq onda bir nöqsan.
Dostdan istədiksə arizu, murad, Vədəylə bir ümid vermədi, heyhat! Bu gün zəmanədə möhnətə dözək, Bəlkə qiyamətdə olarıq rahat.
Verdiyin əzab da xoşdur mənə, yar! Şirindir al ləbdən hər acı göftar. Baxışın məhv edən bir zəhrdirsə, Dilin də misilsiz baldır, ey nigar!
Əsir bahar yeli, qönçələnir gül, Olur gül şamına pərvanə bülbül. Çəmən məclisində gül yanır şam tək, Bülbülün səsilə şadlanır könül.
Çəməndə gül qurdu böyük ehtişam, Səbzənin başına səpdi zər müdam. Sular kənarında qalxdı göy çəmən, Suların aynası duruldu tamam.
Əzəlin nəqqaşı, böyük sənətkar, Çəkdi göz pərdəmə bir surəti-yar. Xal etdi üzünə göz bəbəyimi, Möcüzə yaratdı bu xal, bu pərgar.
Fələk hər işıqlı ulduzla axşam Aqillər qəlbinə dağ basır müdam. Bu gecə-gündüzlər keçdikcə, hek kəs Gecəni gündüzə çatdırmadı tam.
Şümşad qamətinə olmuşdur əsir, Kölgən tək gəzərdi, ey bədri-münir! Onu tutmasaydı çəməndə torpaq, Sular vurmasaydı payinə zəncir.
Canan istəyirsən keç əziz candan, Can əziz olmaz ki, vəsli-canandan. Xatiri xoş olmaq istəyirsənsə, Tərəddüd etmə heç, olma pərişan.
Açıqdır aləmə ehsan qapın, yar! Qoy mən sənə edim dərdimi izhar. Sən bizə baxmazsan bəs kim baxacaq? Biz bəndə, sən bəndəsevən hökmüdar.
Fəryad ki, oyunbaz gərdişi-dövran Hiylə qapısını açmışdır əlan. Onun hər oyunu hiyləsiz deyil, Görən qəsdi nədir bu oyunundan?
Hərgiz gözəllərdən görmədim vəfa, Dərmədim gül vəfa bağından əsla. Mən üz döndərmədim vəfadan bir an, Bütün həyat boyu çəkdimsə cəfa.
Göz yaşım göstərir nədir qəmi-yar, Odu şöləsindən anlamaq olar. Gizli saxladığım ürək dağımı Bu ürək naləsi eyləyir izhar
Elminlə yox oldu hər kəsdən bəla, Səndən almış hamı dərdinə dəva. Hamıya vacibdir duaçın olmaq, Xalq üçün edirsən çünki sən dua.
Bir gül yarpağı tək camalın xoşdur, O zülf sünbülündə cəlalın xoşdur. Mələk, pəri kimi bir halətin var, Bu üzün, bu zülfün, bu halın xoşdur.
Rəftarın etmişdir sərvi xəcalət, Sünbüllər eyləyir zülfünə heyrət. Reyhanla süslənmiş o gözəl canan, Yar gülsə, gül yumar dodağın əlbət.
Od vurmuş bu dərdli qəlbimə o yar, Ah, onun nə qədər daş ürəyi var? Rəqibin sözüylə yandırdı məni, Gör ki, dəmir daşdan atəş çıxarar.
Qəsri vücudumun sənindir, canan, Orada olsun qoy eşqin hökmüran. Bir zülmət yoludur yolunun əksi, Yolunla gedənlər olar kamran.
Bütün təbələrə vacib fərmanın, Hamıya bir borcdur sənin ehsanın. Hamının ümidi sənədir ancaq, Ərizə yeridir sənin astanın.
Qovur yaxınlığın ürəkdən qəmi, Elmin bir dəryadır, vücudun gəmi. Xilqət karxanası olan qüdrətin Hər an başqa rəngə salır aləmi.
Eşqinin əsrarı saxlanır canda, Ürək də eşqinlə yaşayır, can da. Möhtacıq biz sənin inayətinə, Bizi unutmazsan sən heç bir an da.
Edirkən sirrini sən izhar, ey şam! Olursan ölümə səzavar, ey şam! Əgər istəyirsən məhv olmayasan, Dilini saxla sən, sus, zinhar, ey şam!
Ey şam, didələrin hər gecə bidar, Ürəyin odludur, gözlərin ağlar. Yanarsan, əriyib sızlarsan, guya Mənim tək olmusan sən cüdayi-yar.
Ey ciyər qanıyla dövlət toplayan, halın necə olar sən ölən zaman? Bu dünya üçün sən xalqla az dalaş! Boş bir dünya üçün dalaşar insan?
Çoxdandır vüsalın dövlətilə mən Ayrıldım bənəfşə, sünbül, çəməndən. Üzünə baxdıqca gözüm nurlanır, Saçının ətriylə ruhlanır bədən.
Üzündən aralı işim yox bağla, Əylənə bilmərəm çiçəkli dağla. Qorxuram qəlbimə gül batıra xar, Lalə ciyərimə od vura dağla.
Çox şükür, torpağım tapmışdır şərəf, Iqbal ətəyini tutdum hər tərəf. Iltifat görərsə hər kəs bir şahdan, Mənə nəzər saldı o şahi-Nəcəf.
Elm ilə, ədəblə tapılar şərəf, Mirvarı olmasa, nə lazım sədəf? Fürsətin var ikən sən işsiz qalma, Boş yerə ömrünü gəl etmə tələf.
Ömrün əziz ikən, təbin tazə-tər, Dünya zəncirinə bağlanma hədər. Allaha xoş gedən xeyirli iş gör, Qoyma ki, həyatın keçə bisəmər.
Eşqdir hər iki dünyaya ziynət, Eşq ilə dolanır bütün təbiət. Eşqsiz məqsədə yetişmək olmaz, Eşq ilə tapılır düzlük, həqiqət.
Aşiqin gözləri giryan olmalı, Aşiq avareyi-dövran olmalı. Rahətlik məşuqə nəsib olmuşdur, Aşiqin ürəyi büryan olmalı.
Torpaqdan yaranan hər yaşıl ot, bax, Həsrətdən nəmlənmiş kirpikdir ancaq. Guya ki, ağlayır fələk əlindən, Bu yer əsirlərin bürüyən torpaq.
Bizlərə göndərdi min bəla fələk, Eylədi çox dərdə mübtəla fələk. Vətəndən, dostlardan ayırdı bizi, Ah, bizə eylədi çox cəfa fələk.
Xəyal məclisimə şamdır o camal, Sənin xəyalından ayrılmaq mahal. Xəyalın qəlbimdə qoymayır qalsın Nə hicran, nə də ki, ümidi-vüsal.
Gördü ki, olmuşam hüsnünə heyran, Üzümə qıyğacı baxdı o ceyran. Çox raha həyatım var idi, amma Göz vurdu, əhvalım oldu pərişan.
Gizləndin, hər sirrim oldu aşikar, Gözümdən qanlı yaş axdı, ey nigar! Ürəyim əridi, canımı yaxdı, Dadə çat, öldürür məni intizar.
Zahirdə talibik məşuqəyə biz, Batində bu yolda yoxdur zövqimiz. Zahidlər deyildir göründüyü tək, Biz də görünən tək deyilik, şəksiz.
Bilirəm, ürəkdə yarın qəmi var, Bilirəm, bu qəmi verir o nigar. Qəlbimin eşqdən başqa işi yox, Çoxdandır ki, işi olmuş eşqi-yar.
Çox şükür yaramaz, zahid deyilik, Hiyləgər, səfeh şeyx, abid deyilik. Riyakar zahidlər və şeyxlər kimi Öz yox qüdrətinə şahid deyilik.
Qaranlıq könlümü münəvvər eylə, Hər işi sən mənə müyəssər eylə. Qəlbimi döndər hər qapıdan, Allah! Onu öz qapında müqərrər eylə.
Göz açıb gör necə olmuş dili-zar, Gözümdən gör necə qanlı yaş axar? Qəmzə qılıncıyla bağrımı yarıb Qəlbimə çəkdiyin dağları gör, yar!
Xoşdur sənlə edəm bir seyri-çəmən, Dola göz yaşımla ətəyim həmən. Ətrafda olmasın bir azmış rəqib, Mən olum, bir sən ol, bir sən ol, bir mən.
Bir aydır olmuşam üzünə heyran, Çalmışdır qəlbimi o çeşmi-məstan. İndi ki, baxmağa taqətim yoxdur, Yaxşıdır gözümdən o qalsın nihan.
Könlüm həsrət qalmış rüxi-canana, Tale yox ki, çatım o gözəl cana. Sözləri incədir, dodaqları bal, Hər bir şey bir yana, eşq bir yana.
Dolsa eşq qəmiylə hər hansı ürək, Dünyanın ləzzəti ondadır bişək. Hər canda bir dərdli ürək yoxdusa, Qəbirdə bir cəsəd yatmışdır demək.
Rahatlıq istəsən etmə arzu-kam, Kam almaq istəyən olmaz ki, aram. Dünya bir qəfəsdir, sən onda bir quş, Burada axtarma nə aram, nə kam.
Feyzinlə olmadım dünyada gümrah, Məndən çox, halıma özünsən agah. Şadam ki, məhşərdə yenə də sənsən Müddəim, hakimim, şahidim, Allah!
Bu insan övladı olur hər anda Zəmanə cövründən ahü fəğanda. Hər biri həvəslə bir işə aşiq, Demək ki, aşiqdir hamı cahanda.
Aləmdə yaşayan bir güruh adam, Cahanın camiylə məst olmuş tamam. Hər biri bir qərəz bayrağı tutmuş, Demək bütpərəstdir hamı, vəssəlam.
Ey xuda, məni sən eylədin icad, Kamal almağa da sən ver istedad. Ya özün hər işdə mənə ustad ol, Ya da yol göstər ki, tapım bir ustad.
Ey eşq, nə vaxtadək edib biqərar, Məni salacaqsan sən diyar-diyar? Alırsan hər anda könlümü bir cür, Edirsən hər anda bir cür məni zar.
Dedim: hər baxışla, ey sənəm, nədən Qəlbimə vurursan qəmzə oxu sən? Söylədi: bu təsir özgə yerdəndir, Vallah, özümdən də xəbərsizəm mən.
Dedim: yar, sən məni pərişan etdin, Qəlbimi taladın, qəsdi-can etdin. Dedi: meydən deyil məstlik, məndəndir, Mənə səhv gümanla sən böhtan etdin.
Ya Rəb, and verirəm Peyğəmbərə mən, Rəsulun məzarı xatirinə sən Əfv et Füzulini, keç günahından Ki, etmiş çox günah özü bilmədən özü bilmədən.