Əsas məzmuna keç

Qəzəl

Səhərgəh nagəhan gördüm, dili-zarım nəhan ağlar

Xurşidbanu Natəvan

1

Səhərgəh nagəhan gördüm, dili-zarım nəhan ağlar, Sirişki-al ilə hər dəm çəkər ahü-fəğan ağlar.

Sual etdim, nə baisdir çıxıb əflakə əfqanın, Tökər xuni-cigər çeşmin, baxar hər yan, rəvan ağlar.

Könül huşyar imiş məndən, dedi badi-səbadan sor, Sərasimə, qalıb heyran, çəkər ah, əlaman ağlar.

Səbadan sordum əhvalı ki, ey hər halidən agah! Nə vaqedir, səni tari, olub dil natəvan, ağlar?!

Dəxi badi-səba gördüm, bəsi dilgiri-nalandır, Təkəllüm yox bəyan etsin, qalıbdır bizəban, ağlar.

Tutulmuş nitqi-göftarı, dedi: - Ey natəvan xəstə, Necə şərh eyləyim hali ki, cümlə insü can ağlar?

Gəzərdim baği-səhrani, pərişan hal ilə, gördüm, Dəyib badi-xəzan sərvə qurutmuş, bağban ağlar.

Zəban sözdən qalıb xali, tərəhhüm etdim əhvalı, Gözümə tar olub dünya, dəmadəm cismü can ağlar.

Bəli, gər gül budağinə, toxunsa tündi-badi-dəhr, Pərişan olsa gül bərgi, edər bülbül fəğan, ağlar.

Pozuldu rövnəqi-gülşən, dağıldı zinəti bağın, Düşüb tabü təravətdən, gül ağlar, gülsitan ağlar.

Düşəydi çərx gərdişdən, olaydı dəhri-dun viran, Bəşər tab eyləməz hərgiz, zəminü asiman ağlar.

İlahi, görməsin gözlər yaman gündə belə günlər, Aman verməz qəmü möhnət, hamı pirü cavan ağlar.

Firavandır qəmim, şərhin bəyan etmək deyil mümkün, Yaz, ey müstofeyi-aləm, müdam əhli-cahan ağlar.

Mədad olsa əgər dərya, qələm olsa əgər əşcar, Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar.

Tənim rəncur, dil xəstə, dəxi bir qəmküsarım yox, Kimə kim, şərh edim dərdim, gedər tabü təvan, ağlar.

Bəli, çün kövkəbi-tale qibal etsə fəlak içrə, Nühüsətlə qiran eylər, olur gün gər yaman, ağlar.

Bu, divani-qəzavətdir, müqəddər ruzi-əzəldən Ki, hər dəm növbənöv qəmlər yetər, bu natəvan ağlar.

Kəsilmiş taqətü təbim, başımdan əql məhv olmuş, Gözüm əşki rəvan zahir, könül daim nəhan ağlar.

Dəvasız, dərdi-bidərman qalıb məhzuni-sərgərdan, Ərəstü ilə həm Loğman, Fəlatuni-zaman ağlar.

Tamamən dərdü qəmlərdən, fərağın dərdi əfzundur, Onunçün Natəvan hər dəm olub nalan, qan ağlar.

Lüğət: Sirişk – göz yaşı Ş; Sərasimə – çaş-baş olmuş; Natəvan – qüvvəsiz, halsız, köməksiz; Bəsi – bir çox; Təkəllüm – danışıq; Göftar – danışıq; Zəban – din; Tərəhhüm – mərhəmət göstərmək; Bərg – yarpaq; Gərdiş – dolanma; Dun – alçaq; Əşcar – ağaclar; Rəncur – incik, dərdli; Kövkəbi – tale-bəxt ulduzu; Qibal – bəxtin açılması, üzvermə; Qiran – yaxınlaşma; Müqəddər – müəyyən edilmiş; Əfzun – artıq-çox

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.