Əsas məzmuna keç

Qəzəl

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim

Məhəmməd Füzuli

1

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim, Xah mö’min, xah kafər tut, budur dinim mənim.

Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim, Ol qədü rüxsardir şümşadü nəsrinim mənim.

Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk, Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim.

Əşk mövci gəzdirir hər yan tənim xaşakini, Mümkün olmaz əşk təhrikilə təskinim mənim.

Çarə umdum lə’li-şirinindən əşki-təlximə, Təlx göftar ilə aldın cani-şirinim mənim.

Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib, Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?

Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə, Bu yetər əhli-məlamət içrə təhsinim mənim.

Lüğət: Ayin – rəsm, adət, qayda-qanun; Seylab – sel; Əşk – göz yaşı; Xaşak – çör-çöp; Təlx – acı; Təhsin – alqış, afərin, bəyənmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.