Saqiya, toy bəzmidir, peymanə gəzdir, badə ver
Saqiya, toy bəzmidir, peymanə gəzdir, badə ver, Rüzgar azadədir, dur mey gətir, azadə ver.
Bu busati-eyşü işirətdir tərəbnak olmağa, Şad könüllər eşqinə, şadanəlik hər şadə ver.
Fərq olunmaz aşina biganə bəzmi-eşqdə, Aşinalıq etməyə, yad ilə bir də yadə, ver.
Qıl kərəm, doldur piyalə, ver bu şirin ləblərə, Bir də ləbriz eylə, ol peymanədən Fərhadə ver.
Bir qızıl cam ilə ver, məşuqə yetsin kamına, Bir qədəh də aşiqanə aşiqə, damadə var.
Qoy qız-oğlan oynasın, şövq ilə bu şən bəzmdə, Xəlq zövq alsın, gəliblər çün mübarəkbadə, ver.
Bir də bir cam ilə sərxoş eylə bu xanəndəni, Musiqi xadimlərin xatırla, hər ustadə ver.
Qoy Azərbaycan havası feyz versin hər kəsə, Çal müğənni, can qidasın ruhə fövqəladə ver.
Ey Şəfai, sən də sülh eşqində toy təbrikinə Yaz qəzəl, hər dəmdə söylə, saqiya, dur badə ver.