Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq
Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq, Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.
Var fikrin, yox qəmin çəkmək nədir, bir cam ilə, Bixəbər qıl kim, mənə bir ola yoxluq, varlıq.
Can məta’inin bəhasidir nə kim, dövran verir, Türfə bu kim, sanıram şəfqətdir ol qəddarlıq.
Məndən axır çün qılır bizarlıq əsbabi-dəhr, Dəhr əsbabından ol yey kim, qılam bizarlıq.
Tə’neyi-əğyar çəkməkdir işim bir yar üçün Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq.
Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib Kim, degil sən bildigin bən çəkdigim bimarlıq.
Ey Füzuli, eylərəm qət’i-tə’əllüq qamudan, Bu təriq içrə mənə tovfiq edərsə yarlıq.