Əsas məzmuna keç

Qəzəl

Saqiya, mey büsatını bağla

Məhəmməd Füzuli

1

Saqiya, mey büsatını bağla, Vermə sərxoşlara şərab daha!

Ruh ilə qəlbə mey fərəh gətirər, Zərəri vardır həddi aşsa əgər.

Qəm deyil, zövq versin istəsən iş, O işə etidalı gözlə, giriş.

Ey könül, söz xəzinəsin açsan, Dinləyən şəxsi, gözlə, yormayasan.

Bəs edər verdiyin bu inci-göhər, Inci də çox olanda qədri itər.

Söz demək şövqü var əgər səndə, Nə qədər inci var xəzinəndə.

İndi də başqa bir xəzinəni aç, Daha qiymətli inci, gövhər saç!

Göstərə ta ki, sənətin aşkar: Hər yeni şeydə başqa ləzzət var.

Çox şükür, bitdi bu cərideyi-qəm, Halı sərgəştə, dərbədər bu qələm.

Məni qurtardı tünd seyri ilə, Başa çatsın hər işi xeyr ilə.

Bir dürri-sədəfdir bu cənabi-mütəvəlli, Parlaq hünərilə Ətəbat oldu münəvvər.

Etmiş Ətəbat əhlinin illərcə dəmağın, Öz rayiheyi-lütfü səxasilə müəttər.

O, bir elə pakizə sifətdir ki, həmişə Çəkmişdir ürəkdən qəmi-evladi-Peyəmbər.

Bir zati təmiz kim, iki aləmdə muradın Övladi-rəsul xidməti etmişdi müyəssər.

Hər zinətü arayişi bir şanlı məzarın, Oldu şərəfü şəninə bir rütbeyi-digər.

Ey bad, hüzurunda belə zati-nəcibin, Bir an şərəfi-söhbətə fürsət tapasan gər.

Bizdən yetirib halımızı bəndəlik ərz et Ey hər kəsə hər fənndə, hər ölkədə sərvər.

Hərçənd bərabər sənə yox fəzlü hünərdə, Söz ustaların, qəflət edib, etmə mükəddər.

Çün kuyi-bəla torpağının sakiniyik biz, Hər alçağa sən bizləri gəl tutma bərabər.

Dünyada pisin, yaxşının ayinəsiyik biz, Agah deyilsənsə, göz aç, qəlbinə göstər.

Əymiş qədini çərxi-fələk xidmətimizdə, Dünyanı bizim şöhrətimiz tutdu sərasər.

Ruzi yeyənik ali-rəsulun qapısında Bir ömrdür olmuş bizə bu ruzi müqərrər.

Bu ruzi yolu bizlərə bağlanmamış əsla, Layiq bizik aləmdə belə ruziyə yeksər.

Dünyada qənaətlə bizik kim, bəyənildik, Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.

*** Afərin nemət verən ustada kim, şükr etməyə Bizlərə söz lütfünün feyzin müyəssər eyləmiş.

Nəzmü nəsrin həddən aşmış bütün əmlakını Bizlərin tiği-zəbanilə müsəxxər eyləmiş.

Sözlərin təkrarı ilə bizlərə yetməz məlal, Hər birin bir başqa nemətlə mükərrər eyləmiş.

*** Bilirdi gərçi bütün dillərin nə olduğunu, Səfayi-təblə, həm elmü qüdrətilə nəbi.

Şərafətə nəzər eylə ki, göndərib Tanrı Ərəb dilində kəlamı ki, nəslidir ərəbi.

Müasir olmuş o elm ilə cəhli Bucəhlin, Ziyası ilə müqabil şərari-Buləhəbi.

Kəmali-möcüzünə elmü hikməti bəsdir Ki, elmi növi-bəşərdən deyildi müktəsəbi.

Ədəbdən ötrü zühur eyləmiş vücudu onun, O qövsdən ki, onun olmamışdı heç ədəbi.

Həzrəti-Mustafa bütün səyin İşlədib, şər mülkün etdi bina.

Tam möhkəmliyilə həşrə qədər, Durar ondan uzaq bəlayi-fəna.

Onun hifzi ümumə lazımdır, Bunu bilsin gərək qəniyü gəda.

Qoyduğu elmdən əsər varkən, Bu mübarək binanı, ey Allah!

İki gic firqənin fəsadından Qoruyub hifzin eylə sübhü məsa.

Qövlü felindən əvvəl ol qövmün Ki, yox onlarda zərrə qədri həya.

Onların daş sifətli qəlbindən Keçməmiş elmi-taətü təqva.

Üləma cərgəsində durmuşlar, Edərək minlər ilə səhvü xəta.

Vurur islamə rəxnələr onlar, Tanrıdan, eldən etməyib pərva.

Və ikinci o lovğa cahillər Ki, edir qazilik işin ifa.

Xəlq üçün mərcəi-ümur olaraq, Həvəsin, hökmün eyləyir icra.

Hökm edərlər xilaf şər’ ilə, Əsl məqsudu cifeyi-dünya.

Çün qiyamətdə həqq olar qazi, Hər kəs öz həqqini edər dəva.

Bu iki bəd əməl səfehlərdən Dini-islamə çox yetişdi cəfa.

***

Hədsiz həmd o Allaha ki, lütfü kərəmi Əql sərmayəsinə malik edib insanı.

Vermiş ovsarını əqlin əlinə iqbalın, Etdi təlim ona hər qaideyi-imanı.

Yaxşını pisdən əməl vəqti ağıl seçmək üçün, Göndəribdir ona lütf eyləyərək Quranı.

Kami-dil almaq üçün məniyi-Qurandan o, Bu tələbdə ona göstərdi rəhi-ürfanı.

Xoş elə aqil olan kimsə ki, zaye eləməz Bu qədər mərhəmət ilə kərəmi-insanı.

Hər bir işdə olaraq tabei-asari-nəbi, Etdiyi işlərə rəhbər eləməz şeytanı.

Gərçi yox şübhə bu sözdə ki, nəhayət keçəcək Tanrı bəxşişlə sərasər xələlü üsyanı.

Etməmək meyl gözəldir günaha əvvəldən, Diləməkdənsə nəhayət kərəmi-sübhanı.

***

Nəsəb fəziləti insana özgəsindəndir. Nəsəblə özgəyə, ey süflə, iftixar eləmə.

Əmir xidməti, şahə yaxınlığın puçdur, Öyünmə bunlara dünyada, etibar eləmə.

Bir iş ki, dost köməyi olmadan düzəlməyəcək, İnanmayıb, özünü heç ümidvar eləmə.

***

O mülk mal ki, viran olub gəlib gedəcək, Ümid evin bu əsas ilə payidar eləmə.

Fəzilətin, hünərin baqi qalmaq istərsən, Bilikdə cəhd elə, kəsbi-hünərdən ar eləmə.

*** Bu təbiətdə böylədir adət, Yaşamaqçün cahanda növi-bəşər

Ananın mehribanlığı uşağa Gərək olsun zəmani-həddə qədər.

Ta ki, cismən kəmalə çatdırsın, Versin öz tiflinə o, xuni-ciyər.

Çün zamanı yetişdi cismində, Üfürər ruhu Cəbraili-hünər.

Anasından qız hərgiz ayrılmaz, Çünki həmcinsdir iki gövhər.

Oğlanın cinsinin təqazası Atanın səmtinə həmişə çəkər.

Ey könül, sən o tifli-qafilsən Ki, özündən yoxundur, heyf, xəbər.

Sənə bu varlıq aləmi anadır Ki, tərəfdarın oldu şamü səhər.

Atadır feyzi-aləmi-ülvi Ki, vücudunda vardır ondan əsər.

Bu qədər olma sürətə bağlı, Mərd olan bundan ali rütbə dilər.

Ana dövründə bəsdir hərlənmək, Qız deyilsən, igidliyin göstər!

Mərdlik et, mərdliklə ta tapasan Atadan mərhəmətlə feyzi-nəzər.

***

Şərəfi-xilqəti tapdıqda, eşitdim, Adəm Nazil oldu şərəfində: “vələqəd kərrəmna”.

Izzətin görcək, ona qıldı mələklər səcdə, Etdi rahətlik ilə baği-behişti məva.

Hər nə istərdi o, zəhmətsiz ona hasil idi, Tapmayırdı yol onun qəlbinə möhnət əsla.

Kəsdi iblis, nəhayət, ona təqva yolunu, Məkrlə oldu günah etməyinə rahnüma.

Adəmin hiyləvü məkri yox idi qəlbində, Bir sədaqət görünürdü ona bu məkrü riya.

Iqtizayi-kərəmi verdi muradın xəsmin, Hiyləgər düşməninə aldanaraq etdi xəta.

Bu günahilə onu qovdu behiştdən Tanrı, Onu qəhrü qəzəbi etdi giriftari-bəla.

Əldə etmirdi muradın, nə qədər ağlasa da, Ah-fəryad ilə öz dərdinə tapmırdı dəva.

Tövbə həll etdi, nəhayət, işinin müşkülünü, Tanrıdan üzri-günah eylədi icz ilə rica.

Əvvəlindən daha da yaxşı kəramət tapdı, Keçmişindən daha da qədrdə oldu əla.

Belə bir hadisə məxsus deyil Adəm üçün, Keçər övlada bu sirr məhşər olunca bərpa.

Doğulub həddə yetincə bir uşaq dünyadə, Büsbütün qüssəvü qəmdən olar o bipərva.

Zəhməti olmadan hər bir diləyi hazır olur, Olsa hər yerdə yetər ruzisi zəhmətsiz ona.

Cənnətin sakinidir, yaxşımı bundan cənnət Ki, vəzifə yükü çəkdirməz ona dərdü bəla.

Həddə yetdikdə ona baisi məhrumluq olur, Zövqi-dünya, şəcəri-nəhy1 ilə şeytani-həva.

Olmasa söylədiyim sirrdən agah qəlbin, Yoxdur adəmliyi, heyvandır o, bəlkə ədna.

Kişi oldur ki, özündən ola daim xəbəri, Adəm oldur ki, öz əhvalına olsun dana.

Həvəsi onda ki, dünyaya onu rağib edər, Buraxıb eyşi ola qabili-bidadü cəfa.

Ata qəlbindən əgər batil olan rəğbəti o, Qurtarar meyli-həvəsdən, olar əhli-təqva.

O zaman mənzili-məqsudu olar baği-behişt, Xələti sündüs olar, xadimi evdə hura.

***

Hüsni-surətlə kəlami-mənəvi insanlara Hər zaman hər hal ilə olsa, deyildir biəsər.

Gah olur ki, əhli-halə hüsni-surət göstərib, Bir nigari-gülrüxə məşuq olur bir simbər.

Çöhreyi-zibası daim artırar göz nurunu, Könlü aram eyləyər, rəftarinə etsən nəzər.

O fəqihü alimü şeyxü müəllim olsa gər, Elmü sənət öyrədər, həm artırar fəzlü hünər.

Çatdırar həddi-kəmalə qəlbi nuri-feyz ilə, Talibi-elmə olar, irşadi daim rahbər.

Əql heyrandır onun keyfiyyəti-ətvarına, Bir fidandır o, təbiət gülşənində barvər.

Baş da, göz də, həm ürək də daim ondan kam alar, Gah açar güllər, çiçəklər, gah verər türfə səmər.

***

Cəmalü hüsnünə ey daima olan məğrur, Nədən cünun bu qədər səndə əqlə qalibdir.

Kəmali-mənəviyə şəninin ləyaqəti var, Sənin o zatına layiq ulu məratibdir.

O puç gözəlliyə bağlanmağın nədir xeyri, Kəmal kəsb elə, çün o sənə münasibdir.

Tutaq, üzündədir, ey gül, cavanlığın günəşi, Yox onda nuri-bəqa, çün o sübhi-kazibdir.

*** Bir ölü gördüm, dağılmışdı bütün əzaları, Məskən etmişdi onun boş kəlləsində marü mur.

Qəlbimə dərd artıran fikri verirdi min məlal, Ol pərişan halət aldı gözlərimdən sanki nur.

Söylə, ey dövran, dedim, bu nütfeyi-pakizəni Səltənət təxtindən etdin bəs nədən əhli-qübur?

Hansı cürm ilə çəkir bunca bu aləmdə cəza, Fitrətində bəs nə olmuş, böylə tapmışdır qüsur?

Söylədi: dövranın ey hər hikmətindən bixəbər, Biədəb məğrur idi, bax, böylədir cürmi-qürur.

Bu vücudun etibarı yoxdu xilqətdən əzəl, Yol nişan verdim, məkanı oldu səhrayi-zühur.

Zülfü xəttü xal ilə məşşatə oldum hüsnünə, Mən olub ustadı, öyrətdim ona əqlü şüur.

Çünki möhkəmləndi istiqlalü qədrü rütbəsi, Eyşü işrət camı etdi çün onu məsti-sürur.

Gördü öz məhkumu əflakı, yeri, ulduzları, Etdi mənlik, göstərib dəvayi-tərtibi-ümur.

Eylə sərməst oldu ki, hardandır idrak etmədi Mərifət qəlbində, sevgi tinətində, gözdə nur.

Gərdişi-çərx ilə dünyaya edərdi tənələr, Xidmətində etina etməzdi kim, dövran durur.

Bir dəqiqə etmədi ömründə məndən razılıq, Verdiyim nemətləri almaq mənə oldu zərur.

Hər nə borc almışdı məndən mən yenə aldım geri, Onda hər şey qalmış idi, məndə olmuşdu qüsur.

İndiki halı budur, ta ki, nə görsün aqibət, Bu işə əsli cəza axır günə məxsusdur.

***

Bir mələk tək hər xələldən pakü pakizə təmiz, İlk günlərdən yaratdı Tanrı bu növrəsləri.

Onları etmiş ağır təklifi-taətdən xilas, Eşqinin nəqşin edib qəlbə məhəbbət zivəri.

Şübhə yoxdur, onlara vəqf oldu cənnət neməti, Onlara ruzi yetişdi olmadan zəhmətləri.

Onları tədric ilə çərxilə dövri-ruzigar Bir qoca salar edər, ya ki, ibadət rəhbəri.

Xeyir görməz onların ismətlərin pamal edən, Kimsə ki, işlətsə məkrü hiylə, ya zurü zəri.

*** O tifli-sadədilin səhfeyi-cəmalı kimi, Lətifü sadə yaranmışdır ondakı əhval.

Təğafül etmə, onu qoyma hər səmərsiz işə, Təriqi-elmü ədəb öyrət, eyləmə ehmal.

Yazılsa hər nə könül lövhünə əzəldən onun, Dəyişdirilməsi artıq olar əqlə mahal.

Elə güman eləmə başqa nəqşə qabil olar, O lövh kim, dola o nəqşlərlə malamal.

*** Pişiklə saldı köpək bir gecə böyük dəva, Kasa dibi yalayansan, dedi, sən, ey biar!

Ədəblə mərifətin səndə yoxdur asarı, Odur ki, olmuş oğurluq sənə həmişə şüar.

Götürsə löqmə biri, zəhləsin tökərsən onun, Tamahla eyləyərsən o dəmdə naləvü zar.

Bu eyblərlə bu izzət sənə nədəndir bəs, Özündən eyləməz hərgiz səni bu xəlq kənar.

Şəriksən ona yatmaqda, süfrədə daim, Rəfiq olur sənə məclisdə hər pərirüxsar.

Gecə-gündüz o mənəm ki, yetər xeyir məndən, Gecə min iş görərəm, gündüz olmaram bikar.

Vəfa şüarım olubdur, ədəb təriqi yolum, Məkanım oldu nədən asitanə leylü nahar?

Nədən sən evdə qalırsan həmişə, mən çöldə, Ət ilə sən yaşayırsan, sümüklə mən naçar?

Nədir sənin hünərin, ya nədir mənim cürmüm Ki, xəlq pak demişdir sənə, mənə murdar?

Ənissən üləma məclisinə, mən uzağam, Fəzilət əhli üçün sən əzizsən, mən xar.

Pişik cəsarət ilə açdı tənəyə dilini Ki, ey amansız olan vəhşi, xisləti xunxar.

Əziz qonağı, gədanı görən gözün yoxdur, Qəribi görcək edərsən həmişə sən azar.

Səadət əhlinə hər xeyr işində manesən, Bu xislət ilə sənin kamə nə ümidin var?

Elə güman eləmə öz muradına yetəsən, Həyatının ağacı zənn qılma versin bar.

*** Hifz edib nəfsi, bəlanı, düşməni dəf etməyə, Şah yüz minnət qoşundan dəmbədəm çəksin gərək.

Bircə löqməyçün qənaət bilməyən müflis müdam, Itlərindən münimin min dürlü qəm çəksin gərək.

Fəqr mülkündə qənaət eyləyən biçarələr, Bir yemək, geyməkdən ötrü min ələm çəksin gərək.

Kim qənaət meyli etməzsə bu alçaq dəhrdə, Xatirin cəm etməyə mütləq qələm çəksin gərək.

Ya gərək hər növ möhnət olsa da, səbr etməli, Dərdü möhnət mənzilindən ya qədəm çəksin gərək.

*** Dəhrdə rahətlik ümmidilə çəkmə çox əzab, Çün olub biganə bu məqsəd əzəldən xilqətə.

Zahir oldu hər nə məna vardısa Peyğəmbərə, Rahətin mənasın axtarma, o sığmaz surətə.

Bu müqərrərdir ki, rahətlik cahanda olmamış, Varsa rahətlik əgər, meyl etməməkdir rahətə.

*** Yandırıbsan, dedim, ey çərx, mənim sinəmdə Bunca dağlar ki, nə vardır sayı, nə payanı.

Dedi: sinəndəki dağlar hamı məndəndir əgər, Bəs mənim sinəmdə dağlar çəkən ol kimsə hanı?

*** Dün pəriçöhrə bir uşaq gördüm, Dedim: ey nazənin, şəkərgöftar!

Nə üçün lovğalıqla zəhmətdən Çəkinirsən, onu bilirsən ar?

Qatlaşır zəhmətə atan və anan Tək səni bəsləməklə leylü nahar.

Kamilik, söylədi, biz aləmdə, Leyk nöqsanlıdır güruhi-kübar.

Uşağıq çünki biz, uşaqlar üçün Qayda-qanun nə vacib, ey huşyar?

Ki, xilaf eylədikdə, Allahın Biz olaq qəhri-möhnətinə düçar,

Leyk çox yaşlı bu uşaqlar ki, Əqldən, həm vüqardan dəm urar.

Olmamışlar o cür ki, lazımdır, Cümləsi naqis əqldir, kəm əyar.

Kamilə xidmət etsə naqis əgər, Bəllidir aləmə ki, olmaz ar.

*** Bir gün səhər-səhər çəmənə eylədim güzər, Ta dəf edəm gülü səmən ilə məlalımı.

Qoycaq ayaq, göy ot mənə tənəylə söylədi: Bəs bilməyirmisən bu qədər qəmli halımı?

Xor baxma, mən əgər ki, sənin payimalınam, Gör torpaq altda sən kimi yüz payimalımı!

*** Ömrümün əvvəli ki, zövqü səfa vəqti idi, Elmsiz keçdi bütün bisərü samanlıq ilə.

Tifl vəqtim ötərək dərdə giriftar oldum, Keçdi ömrüm bu fəna yerdə pərişanlıq ilə.

Ömrümün axırı ki, zöhdü ibadət çağıdır, Keçdi, əfsus, o da aləmdə peşimanlıq ilə.

Ah, bu ömrə ki, zövq almadım ondan, keçdi Mənəvi zövqü səfa qəflətü nadanlıq ilə.

*** Qafil olma yazdığın şerindən, ey söz ustası, Dəhrdə olmaz belə övladi-xoştinət sənə.

İslaha qabildir o, gər olsa onda bir xəta, Hökmünə tabe olub daim edər xidmət sənə.

O elə xudkam oğullardan deyildir ki, verə Rəngbərəng xahişlər ilə gündə min zəhmət sənə.

Paltarı illərcə bəsdir: xırda kağız parçası, Xəzlə ətləs almağa lazım deyil sərvət sənə.

O dəvatın bostanından daim almışdır qida, Verməz o, nə süd qəmi, nə qüsseyi-şərbət sənə.

Dərdü möhnətsiz, mətasız seyr edər hər bir yeri, Get-gedə o artırar aləmdə min şöhrət sənə.

*** Mənə pis söylədisə bir pis adam, incimədim, Məni, Allaha şükür, yaxşı bu dünya tanıyır.

Mənim həqqimdə onun fikri nə təsir edəcək, Elə bir qövmə ki, ondan məni əla tanıyır.

*** Sözüm olduqca çoxdur aləmdə, Yaxşısın yox, pisin görür düşmən.

Hər gözəllik ki, varsa nəzmimdə, Dost görür, görməyir o rəşkindən.

Düşmənim, şübhəsiz, mənim kordur, Yaxşı görmür, gözü deyil rövşən.

*** Könül, məlalı bu xəlvətnişinliyin xoşdur, O zövqdən ki, görüşdə hər aşinadən olur.

Kimin ki, dostu və ya aşinayi-həmdəmi var, O əhli-fəqr və yainki əğniyadən olur.

Gər olsa neməti, hər bir sözü, kəlamı onun, Həmişə sərvət ilə, zivərü tiladən olur.

Fəqirlik atəşinə mübtəla olursa, sənə Həmişə şikvəsi dünyayi-bivəfadən olur.

Ömür fəna olacaqdır bu macəralərdən, Hanı o yar ki, xali bu macəradən olur?

*** Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə, Onda bir zövq artıran hər dürlü nemət düzmüşəm.

Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm, Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm.

Kim gəlir gəlsin, aparsın hər nə istər xatiri, Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.

*** Bu hasili qəm olan dərdü qüssə bağında Təəccüb eyləmə, gər olsa nitq bülbülü lal.

Bu bağdan hələ gül ətri duymayır bir kəs, Yetirməyir elə bir gül bahari-fəzlü kəmal.

*** Fəryad, zülm edən bu fələkdən ki, dəhrdə Dövrilə qəlbi şad eləməz, qəmdir hasili.

Hər kimdə var fəraqət, alıb gərdişi ilə, Nə əhli-elmi razı salıbdır, nə cahili.

*** Dedim dünyayə, ey zalım, nədəndir etmisən raqib Elə bir zatı ki, qəlbən ona mən müxlisəm sadiq.

Dedi: etmə təğafül, çünki əvvəldən rəqibik biz, Mənim də var ona meylim, ona çün olmuşam aşiq.

*** Təərrüz eyləyərək söylədim dünən fələyə Ki, ey təərrüz ilə verməyən bu xəlqə aman!

Nə iş görüm, necə rəftar edim, nə çarə tapım Ki, axır olmaya səndən mənə o işdə ziyan.

Təsəvvür etmə səbəbsiz mən incidəm birini, Mənim təərrüzümü bivəsilə etmə güman.

Kənarə düşmüş idi xət kimi o mərkəzdən Ki, nüqtə tək onu çəkdim ədəm kənarından.

Cəfavü zülmlərimdən əgər çəkinsən sən, Cahanı sal nəzərindən, təvəkkül ilə dolan.

Nə rütbə qeydinə bağlan, nə əzl möhnəti çək, Sənə o xeyir gətirməz, gedərsə var nöqsan.

Tayın-tuşun sənin aləmdə pak olanlardır, Qoru bu tay-tuşunun qədrü qiymətin hər an.

*** Mən hər nəyə könül verib oldum əsir ona, Çün eşqimin hərarətini gördü ruzigar.

Dartıb apardı, hicr oduna yaxdı könlümü, Cürmü budur, – dedi, – olanın sevgiyə düçar.

*** Bu diyar içrə xəlqdən hərgiz Mənə bir şəfqətü inayət yox.

Ya ki, bu qövm mərifətsizdir, Ya ki, heç məndə qabiliyyət yox.

*** İki sinfə bölünmüş əhli-cahan, Biri elm əhlidir, biri cahil.

Şeri cahillər anlamaz hərgiz, Çün hünərdən olub olar qafil.

Alimin qarşısında şer demək Səhvdir şər’də və həm batil.

Ah, bu qüssədən ki, aləmdə Əmrim olmuş çətin, işim müşkil.

Elə bir işdə ömrü sərf etdim Ki, ona kimsə olmayır mail. *** Bir iltifatı mənə olmaz isə şahın əgər, Şikayətim yox, o da lütfdən əlamətdir.

Zəifliyimlə bilir naqəsi çəkən yükdən, Fəqirlik yükünü çəkmək eyni rahətdir.

*** Soruşdum, ey gözəlim, səndə daim aləmdə Təərrüz eyləmək aşiqlərə nə adətdir?

Dedi: xətadır o gül bütlərə könül vermək Ki, aşiqə nə cəfa etsə büt, ibadətdir.

*** Qədrsizdir bizim vilayətdə Ruha şadlıq verən gözəl əşar.

İncədir şerimiz, nə faidəsi Hərzə söylər ona bü əhli-diyar. *** Xahişlə dün dedi mənə bir zati-möhtərəm: Zahidlərin sifətlərini söylə hər nə var.

Məndən soruşma mərifətin zahidin, – dedim, Mən yaxşı görmədim belə bir qövmü aşikar.

***

Rəyi-safi ey olan ayineyi-aləmnüma, Yox elə bir sirr rəyindən sənin örtsün niqab.

Tutduğun bir ənbər örtüklü gəlindir ol qələm, Çöhrəsindən qaldırır hər ləhzə yüz sirrin niqab.

Elm dünyası sənin hökmünlə tapmış intizam, Gənci-mənanı qələmlə eylədin sən fəth bab.

Sərvəra, candan usanmışdır bədən bir ömrdür, Xaki-payin öpmək eşqilə qılır min iztirab.

Zəfi-cismimlə var üzrüm, çəksəm hicran dərdini, Çarə yox, çəkmək gərək mütləq yolunda min əzab.

Sizdən olsam da uzaq, ərzi-niyaz etməkdəyəm, Dərgəhindən etdiyim xahişlərə yoxdur hesab.

Eylərəm təsvir hali-zarımı, qılmaz əsər, Göndərəndə şərhi-qəm səndən ona gəlməz cavab.

Mərhəmət ətri haçan bəs xaki-kuyindən gələr, Bəs nədən olmaz yanında bir duamız müstəcab.

Nola ol mişkin qələm bir dəfə yazsa namimi Bircə dəfə namimi çəksən edərsən min səvab.

Rəsmidir, dəryalərin möhtac olan hər bir kəsi Ya yaxındır, ya uzaq, feyziylə eylər kamyab.

Kim yaxındırsa, sədəfdən dürr edər qismət ona, Gər uzaqdırsa onu eylər bulutlar feyziyab.

Böylə bir halət günün də çeşmeyi-zatində var Kim, alır ondan uzaqlar, həm yaxınlar abü tab.

Göy üzündə ay deyil yalnız günəşdən nur alan, Yerdə də ondan lətafət kəsb edibdir ləli-nab.

Ey olan gündən uca, dəryadən əla, qoy sənə Qibtə etsin yerdə dəryalar, fələkdə afitab.

Gər uzaqsam, ən yaxın dostun kimi rəhm et mənə, Gəl uzaqlıq cürmümə baxma, mənə qılma itab.

Gər uzaq olsam da, səndən mən kəramət gözlərəm, Ay uzaqdan yaxşı eylər nuri gündən iktisab.

Lütf yetsə gər mənə səndən, təəccüb iş deyil, Nazil olmuşdur yerə, bu rəsmdir, göydən kitab.

Yer üzündə ta həyat imkanı olduqca müdam, Ta ki, çərxin adətü təbində vardır inqilab.

Bargahından üzün döndərməsin dövlət sənin, Etməsin əmrindən ən yüksək fikirlər ictinab.

Ruzü şəb virdi Füzulinin dualardır sənə, Fikri-zikri bir budur, vallahü ələm bissəvab.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.