Əsas məzmuna keç

Qəzəl

Saqi, mey ver, genə bir tazə günah istəyirəm

Seyid Əzim Şirvani

1

Saqi, mey ver, genə bir tazə günah istəyirəm. Qara göz, nameyi-əmalı siyah istəyirəm.

Nədi xətdən bu hicabın, götür ol bürqəni kim, Etməgə nameyi-əmalı təbah, istəyirəm.

Bikəsü dərbədərəm püştü pənahım yoxdur, Özümə lütfi-xudavəndi pənah istəyirəm.

Asitanən itinə istəyirəm həmdəm olam, Maşallah, nə gözəl rütbəvü cah istəyirəm!

Qərəzim xaki-dəri-yarə gədalıqdı mənim, Mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm.

Mehrim artar sənə rüxsarüvə gəldikcə xətin, Daim ol bağdə mən mehrü giyah istəyirəm.

Çağırın Qeys ilə Fərhadı yığılsın başıma, Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.