Əsas məzmuna keç

Qəzəl

Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir

Seyid Əzim Şirvani

1

Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir, Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.

Ey mövci-əşk axma, dəxi tutma yolların, Bir rəhgüzar ver, o büti-simbər gəlir.

Gəh yad zülfün eyləyirəm, gah kakilin, Bir fikri etməmiş, dilə fikri-digər gəlir.

Kəsmə ümid vəsldən əyyami-hicrdə, Ey dil, bu şam kim gedər, axır səhər gəlir.

Gər müjdeyi-visalı gələ, yoxdu faidə, Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir.

Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar, Bais nədir ki, biri-birindən bətər gəlir?

Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri, Güldü ki, könlü məndədir anın, gedər, gəlir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.