Əsas məzmuna keç

Qəzəl

Saçının şəbində üzü iki həftəlik qəmərdir

İmadəddin Nəsimi

1

Saçının şəbində üzü iki həftəlik qəmərdir, Bu sözü bilən bilür kim, bu nəzər necə nəzərdir.

Qara zülfünü rüx üzrə görəli gözüm nigarın, Dün ilə günün həmişə qamu şam ilə səhərdir.

Ləbinin ki, can şərabı utanır həlavətindən, Şəkkərə qılan müşabeh, gözü bağlı bibəsərdir.

Iki aləmin vücudu ayağın tozuna dəgməz, Bu sədəfdə kim bilir kim, bu nə qiyməti göhərdir?

Bu camalü hüsnü gör kim, urar aya tə’nə, yarəb, Bu nə həq surətli adəm, bu nə mə’nilü bəşərdir?

Gözəlin üzünə baxmaq diləməz fəqihü sufi, Gözü görməzin nəsibi bu günəşdən ol qədərdir.

Gül əgərçi xubü tazə görünür nəzərdə, lakin Gəl anın yanağı gör kim, əbədi lətifü tərdir.

Dodağı, gözüdür anın əbədi şərabü noğlum, Bu nə badeyi-səqahüm, bu nə qəndü gülşəkərdir?

Yanağı, ləbi qəmindən necə sayru olmayım mən, Dəgirən mana şəfayı, bu gül ilə ol şəkərdir.

Irəmin gülü qurutdu qanını tənində hüsnün, Bu siminbərin üzün gör ki, necə lətifü tərdir.

Günəşindən uş yanağın cigərim tutuşdu yanar, Nə bilir bu halı şol kim, qaragünlü bicigərdir.

Xəbəri bilən xəbirin xəbəri özündən olmaz, Nə derəm sana eşit kim, bu xəbər əcəb xəbərdir.

Ənə rəbbiküm oduna necə yanmasın Nəsimi, Bu ənəlhəqin çırağı əbədi çü yanəsərdir.

Lüğət: Qəmər – Ay; Rüx – Üz; Dəgmə – Nadan; Qiyməti – ərzan – Baha qiymət; Sayru – Xəstə; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.