Rüxsarın açıb bülbülü şeyda elədin sən
Rüxsarın açıb bülbülü şeyda elədin sən, Bülbül nəzərində gülü rüsva elədin sən.
Ağuşun üçün bəs ki, qolum açıla qaldı, Kafər, məni bir şəkli-çəlipa elədin sən.
Bürqə götürüb ol ərəqaludə yüzündən, Gün üzrə əyan iqdi-Sürəyya elədin sən.
Nitqə gəlib etdin bu dili-mürdəni ehya, Zahir genə ecazi-Məsiha elədin sən.
Tökdün yüzə ol zülfi-xəməndərxəmi, ey məh, Xurşidə hicabın şəbi-yəlda elədin sən.
Yerdən gögə var Yusif ilə fərq səninçün, Çox Yusifi eşqində Züleyxa elədin sən.
Hicri-rüxi-alında iki çeşmimi, ey gül, Xunab ila meydən dolu mina elədin sən.
Qəddini «əlif», zülfi-siyahini dedin «lam», Seyyid, bu əlif-lamı nə məna elədin sən?