Əsas məzmuna keç

Qəzəl

Ruhum

Zəlimxan Yaqub

1

Buludla yağış kimidir, ruhda canım, canda ruhum, Can heç nədir, bədən heçdi, çırpınmasa qanda ruhum.

Uçuş yeri üfüqlərdi, bəzədiyi şəfəqlərdi, Bir nəğmədi, bir əsərdi, hər çırpınan anda ruhum.

Çiçəklərin ətrindədi, sevənlərin xətrindədi, Şeirimin hər sətrindədi, xalis baldı şanda ruhum.

Qarın rəngindəki ağdan, torpaqdakı yaşıl tağdan, Rəng alıb, nişan götürüb, qalıb bu nişanda ruhum.

Göylər kimi meydanı var, neçə-neçə heyranı var, Zəncirlənməz, buxovlanmaz qəfəsdə, zindanda ruhum.

Yuva qurar, yuvalanar, hava görər, havalanar, Özünə bir sirdaş tapar, hər duyan insanda ruhum.

Görüşdüyü mələklərdi, qovuşduğu fələklərdi, Həlak olmaz qasırğada, sarsılmaz tufanda ruhum.

Turi-Sinada Musadı, çarmıxda Həzrət İsadı, Həra dağda Məhəmməddi, dolaşır Quranda ruhum.

Məcnun kimi səhradadı, Tahir kimi dəryadadı, Min illərdi qanad çalır, nağılda, dastanda ruhum.

Tamahları yox eyləyər, gözü-könlü tox eyləyər, Nə dərd olsa əlac tapar, şəfadı dərmanda ruhum.

“Məndə sığar iki cahan!” – bu bir Tanrı nidasıdır, Əbədi bir hökmrandı, hər iki cahanda ruhum.

Ləhni-Davud avazıdı, Vaqif, Ələsgər sazıdı, Ölümə meydan oxuyar, yaşar Zəlimxanda ruhum.

2003, 1 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.