Riştədir cismim ki, dövri-çərx vermiş tab ona
Riştədir cismim ki, dövri-çərx vermiş tab ona, Mərdümi-çeşmim düzər hər dəm düri-sirab ona.
Sayeyi-zülfün şəbistanındadır şəm’i-rüxün, Necə yetsin qədr ilə xurşidi-aləmtab ona?
Dürdi-mey tək ğərqeyi-xunaə gördüm könlümü, Gör nə gəldi başına, netdi şərabi-nab ona.
Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın, Daş olur, əlbəttə, gər baş əgməsə mehrab ona.
Çeşmini əhli-nəzər qəsdinə tə’yin eyləyən, Nazü qəmzəndən mühəyya eyləmiş əsbab ona.
Tərləmiş rüxsar ilə xublar açarlar könlümü, Gör nə gülşəndir ki, atəşdən verərlər ab ona.
Silki-əhli-halə çəkmiş zahidi əşki-riya, Mis kimi kim, sim qədrin buldurur simab ona.
Ey Füzuli, qalmamış qovğayi-Məcnundan əsər, Qaliba, əfsaneyi-eşqin gətirmiş xab ona.
Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Dürd – şərabın dibinə çökən torta, xılt; Halə – ayın ətrafında görünən işıqlı dairə; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Simab – civə