Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!
Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax! Afitab ilə qılır də’va, tutulmuş ayə bax!
Şəm’ başından çıxarmış dud şövqi-kakilin, Böylə kutah ömr ilə başindəki sevdayə bax!
Ey səlamət əhli, ol rüxsarə baxma zinhar! Ehtiraz eylə məlamətdən, məni-rüsvayə bax!
Bildi eşqində nəmədpuş olduğum ayinə tək, Rəhm edib bir gəz mənə baxmaz, bu istiğınayə bax!
Sinəmi çak eylə, gör dil iztirabın eşqdən, Rövzən aç, hər dəm həvadən mövc uran dəryayə bax!
Ey deyən kim, şami-iqbalın nə üzdən tirədir? Sayə salmış ayə ol geysuyi-ənbərsayə bax.
Ey Füzuli, hər necə mən’ eyləsə naseh səni, Baxma onun qovlinə, bir surəti-zibayə bax.
Lüğət: Sağər – qədəh, piyalə; Dud – tüstü, tütün; Zinhar – saqın, aman; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Rövzən – pəncərə, baca; Tirə – qaranlıq, tutqun