Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru
Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru, Mey üçün çəng dutub, tə’ziyə açdı geysu.
Bildi mütrib ki, nədir hal, götürdü qopuzun, Bəzmdən çəkdi əyağini sürahiyyü səbu.
Bəzm qanuni pozuldu, ney üçün çəng ilə dəf, Yığılıb etməyələr hakim eşigində ğülu.
Rəməzən ayı gərək açıla cənnət qapısı, Nə rəva kim, ola meyxanə qapısı bağılu.
Fəthi-meyxanə üçün oxuyalım fatihələr, Ola kim, yüzümüzə açıla bir bağılı qapu.
Afitabi-qədəh etməz rəməzən ayı tülu’ Nə bəladır bizə, ya Rəb, nə qara gündür bu?
Intizari-meyi-gülrəng ilə bayram ayına, Baxa-baxa enəcəkdir gözümüzə qara su.
Rəməzan oldu, budur vəhmi Füzulinin kim, Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu.
Lüğət: Şahid – gözəl; Bəzm – qonaqlıq, kef məclisi; Səbu – cürdək, sovça; Zöhd – zahidlik