Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil Kim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.
Olsa iste’dadi-arif qabili-idraki-vəhy, Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil.
Hər kimin təqdirdən məqsudi öz qədrincədir, Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.
Cənnətə zahid bilir can vermədən yetməz, vəli, Canə qımaz, öz təmənnasındadır miskin bəxil.
Ey qılan izhari-zillət, müjdeyi-izzət sənə Kim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil.
Və’deyi-vəslin məni salmış xəyali-zülfünə Kim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.
Ey Füzuli, xublər zikri-cəmalilə xoşam, Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.
Lüğət: Rəhröv – yolçu, yol gedən; Sağər – qədəh, piyalə; Təqdir – əvvəlcədən qərara alınmış; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Səlsəbil – behiştdə bulaq adıdır; Müqərrər – qərarlaşmış, qət edilmiş; Təvil – uzun