Əsas məzmuna keç

Qəzəl

Razıyam könlümü bir zülfi-sitəmkar apara

Məhəmməd Füzuli

1

Razıyam könlümü bir zülfi-sitəmkar apara, Sına, hər parəsini zülfdə bir tar apara.

Bivəfalıq eləyən təkcə bizim yar deyil, Aşiqin bari-qəmin yox elə bir yar apara.

Qəlbimin qanını tökdüm səri-kuyində bütün, Nə qədər qəm yükünü bəs bu dili-zar apara?

Şəmin ətrafını, ey gül, gecə çox seyr eləmə, Qoyma kölgənlə yanan qəlbimi divar apara.

İşvəvü qəmzənə hər ləhzə icazət vermə Ki, olardan biri möhnət, biri azar apara.

Könlüm istər yaşayam, leyk çətindir canı Elə xunxarın əlindən belə xunxar apara.

Şaddır indi Füzuli ki, tapıb kuyinə yol, Xoş o bülbül ki, onu gülşənə gülzar apara.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.