Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz
Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz, Getsə başım şəm’ tək, mümkün degil ifşayi-raz.
Xublər mehrabi-əbrusinə meyl etməz fəqih Ölsə kafərdir, müsəlmanlar, ona qılmın nəmaz.
Kimsə ol bədxuyə izhar edə bilməz halımı, Ey sürudi-nalə, Tanriçün, sən olğıl çarəsaz.
Qalibim görmüş tühi, tökmək dilər bir tazə ruh, Bərqi-ahim kim, gələn peykanına vermiş güdaz.
Xubsurətlərdən, ey naseh, məni mən’ etmə kim, Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz.
Mən xud öldüm, ey türabımdan olan sağər, müdam Rindlər bəzmin gəzib, bir-bir yetir məndən niyaz.
Ey Füzuli, qalmışam heyrətdə, bilmən neyləyim, Dövr – zalim, bəxt – nafərcam, tələb – çox, ömr – az.
Lüğət: Raz – sirr, gizli olan şey; Sürud – nəğmə, oxumaq, melodiya; Bərqi – lame’ – ildırım; Sağər – qədəh, piyalə; Bəzm – qonaqlıq, kef məclisi; Nafərcam – sonu pis vəziyyətə düşən, pis nəticəli, əncamsız