Qurtardı nisfi-şamdə, saqi, şərabımız
Qurtardı nisfi-şamdə, saqi, şərabımız, Etdi qürub, heyf, bizim afitabımız.
Baxma kitabi-hikmətə, mey tök kitabiyə, Çoxdan itibdi, ey ləbi meygun, kitabımız.
Derlər behişt əhlinə cənnətdə yox əzab, Bəs kuyi-yardə niyə-artdı əzabımız?
Ağzın açıb xitabıma verməz cavab o gül, Pinhan nə söyləyim ki, verildi cavabımız.
Zahid sözilə eyləmədik bir səvabə meyl, Bəsdir cəza günündə bizə bu səvabımız.
Bülbül pərində başını gizlətdi şərmdən, Əskik degil o qönçeyi-tərdən hicabımız.
Seyyid, həmişə talibi-meyxanəyik məgər Bu xakdən siriştə olubdur türabımız?!