Əsas məzmuna keç

Qəzəl

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Xurşidbanu Natəvan

1

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz? Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan, Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar, Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

Könüldə ahü zarım var, nə səbrü, nə qərarım var, Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

O zülfi-nərgisi-məstə könül çoxdandı pabəstə, Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

Səri-kuyin gəzər könlüm, güli-ruyin sevər könlüm, Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

Alıbdır canımı hicran, olubdur gözlərim giryan, O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

Mənə hicran məşəqqətdir, fərağin dərdü möhnətdir, Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır, O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

Yanar canım fərağından, tutar könlüm sorağından Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

Əlimdə ixtiyarım yox, gedib səbri-qərarım yox, Yanımda gülüzarım yox, neçin gəlməz, neçin gəlməz?

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər, Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

Yetibdir ərş üzə dadım, tutub dünyanı fəryadım, Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?

Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan, Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

Lüğət: Qafiləsalar – qafilə başçısı; Giryan – ağlar; Xeyl – dəstə, kürüh; Məhliqa – ayüzlü; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.