Qoydum ol gün ki, qədəm dünyayə iqdamimdə qəm
Qoydum ol gün ki, qədəm dünyayə iqdamimdə qəm, Söylədi dünya mənə «ey bəxtiqarə, bədqədəm».
Hər qədəmdə min qəm üz verdi bu qəmli könlümə, Görmədim bir şad gün, artırdı qəmlər dəmbədəm.
Bilmədim qəmxanədir viranə olmuş bu diyar. Yoxsa gəlməzdim, mənə xoşdi həman darülədəm.
Düşməmişkən eşqinə bu can alan məhvəşlərin. Xəlq içində mən də bir aqil kəs idim möhtərəm.
Axırı rüsvalığa çəkdi bu sevdalar məni, Çox nəzərlərdə nə rüsva, bəlkə bir divanəyəm.
Ey məni sərdəftəri-eşqə yazan katib görüm, Parələnsin dəftərin, o əllərin olsun qələm.
Ey Şəfai, nasəzadır eşqə bunca sözlərin, Saxla eşqin hörmətin, yoxsa olursan müttəhəm.