Qəzəl
Anam desə oğlum hanı, eşq oduna yandı deyin, Eşqin yolunda ölməyi bir ölməzlik sandı, deyin.
Saraldı gözünün kökü tozlu yollara baxmaqdan, İlqar verən yalan çıxdı, ilqarını dandı deyin.
Çatırmış ömrünün sonu, axır günüymüş aşiqin, Cani-dildən sevdiyi yar unudanda andı deyin.
Gecə-gündüz yarım dedi, özgə xəyala düşmədi, Həyat nədi, insan nədi son nəfəsdə qandı deyin.
Neyləsin ki, çatammadı maralının vüsalına, Öldürən bir nazlı gözəl, ölən Zəlimxandı deyin.
1973, 18 sentyabr