Əsas məzmuna keç

Qəzəl

Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?

Məhəmməd Füzuli

1

Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana? Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana?

Atəşin ahimlə eylərsən mənə təklifi-bağ, Bağiban, gülbərgi-xəndanın gərəkməzmi sana?

Yelə vermə dağıdıb hər yan, ayaqlardan götür, Ey pəri, zülfi-pərişanın, gərəkməzmi sana?

Ey kəmanəbru, rəqibə vermə qəmzəndən nəsib, Ox atarsan daşə, peykanın gərəkməzmi sana?

Yandırıb canım, cahansuz etmə bərqi-ahimi, Asiman, xurşidi-rəxşanın gərəkməzmi sana?

Küfri-zülfündən məni mən’ eyləmək layiqmidir, Sufi, insaf ilə imanın gərəkməzmi sana?

Tutalım kim, əşk seylabinə yoxdur e’tibar, Ey Füzuli, çeşmi-giryanın gərəkməzmi sana?

Lüğət: Peykan – ox; Bərqi – lame’ – ildırım; Əşk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.