Qəmindən qönçətək dil qanə döndü
Qəmindən qönçətək dil qanə döndü, İşim bülbül kimi əfğanə döndü.
Yaman göz yaxşı dəgdi vəsli-yarə, Visalım möhnəti-hicranə döndü.
Pərişan, tirəbəxt, aşuftəhaləm, Günüm ol zülfi-müşkəfşanə döndü.
Kənarımdan çün ol dürr oldu qaib, Gözüm yaşı axıb Ümmanə döndü.
Həzər qıl macərayi-çeşmi-tərdən, Sirişkim bəhri-bipayanə döndü.
O dürri-gənci-hüsnün firqətindən, Könül bir mənzili-viranə döndü.
Dəxi səngi-cəfadən xali olmaz, Du çeşmim kəffeyi-mizanə döndü.
Rəqibi-bülhəvəs məqsudə yetdi, Dili-Seyyid cəfadən qanə döndü.