Əsas məzmuna keç

Qəzəl

Qəmində naleyi-zarı mənim tək heç kəsin yoxdur

Məhəmməd Füzuli

1

Qəmində naleyi-zarı mənim tək heç kəsin yoxdur, Cahanda çeşmi-xunbarı mənim tək heç kəsin yoxdur.

Nola gər olmasa hərgiz mənim tək dağ bir kəsdə, Nigari-lalə rüxsarı mənim tək heç kəsin yoxdur.

Tərəhhüm eyləyir gördükdə hali-zarımı hər kəs, Belə birəhm dildarı mənim tək heç kəsin yoxdur.

Özüm tək görmədim hərgiz pərişanlıqda bir kimsə, Təəccübdür, məgər yarı mənim tək heç kəsin yoxdur?

O güldən şad olur kuyində daim qəlbi əğyarın, Ürəkdə ol gülün xarı mənim tək heç kəsin yoxdur.

Bəla çəkmişlərin çox-çox sual etdim rəhü rəsmin, Ürəkdə bunca qəm barı mənim tək heç kəsin yoxdur.

Füzuli hüsnünün vəsfi olub məzmuni-göftarım, Odur ki, hüsni-göftarı mənim tək heç kəsin yoxdur.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.