Qəmi-ləlin könüldə saxladım, sandım ki, candır bu
Qəmi-ləlin könüldə saxladım, sandım ki, candır bu, Şikəstə könlümə guya həyati-cavidandır bu.
Gəl, ey leylivəşim, əfsaneyi-Məcnuna aldanma, Hədisi-dərdimi dinlə, gözəl bir dastandır bu.
Pərilər gizlənir hüsnün görən dəmdə xəcalətdən, Deyil mənasını şərh eyləmək lazım, əyandır bu.
Rəqibim payimal etdi bu qəmli cismimi, sanki Qudurmuş bir köpəkdir o, quru bir üstüxandır bu.
Düzəldib şaxi-güldən qönçə peykanın həva, guya Alıbdır qamətindən rəşk oxu, ondan nişandır bu.
Qərarım aldı rəftarın, məni ağlatdı göftarın, Nə qəddi-dilsitandır o, nə ləli-dürfəşandır bu?
Füzuli, hər gecə ayə çatır fəryadü əfğanım, O ay üz bir gecə sormaz nə fəryadü fəğandır bu?