Əsas məzmuna keç

Qəzəl

Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm

Seyid Əzim Şirvani

1

Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm, Eydi-vüsalın istərəm, meyli-cəmalə düşmüşəm.

Kövkəbi-bəxtimin kəsib rahını nəhs yulduzu, Ey məhi-bədr, qıl nəzər, gör nə vəbalə düşmüşəm.

Gəlmədi aftabımız, keçdi nahar nisfdən, Gör ki mən, ey fələk, bu gün bir nə zəvalə düşmüşəm.

Dün demişəm dəhanüvi nöqtə, vəleyk, yox yerə Nüktəşünaslər ara qilü məqalə düşmüşəm.

Dün olub özgə nəhv ilə ömr zəmani-mazidə, Halıma indi hali ol, bil ki, nə halə düşmüşəm.

Aşiq olub dəhanüvə həlqeyi-«mim»ə dönmüşəm, Zülfüvə iştiyaq ilə surəti-«dal»ə düşmüşəm.

Sirri-dəhani-yarı mən istəyirəm, şüur yox, Sandım ədəm vücud olur, fikri-məhalə düşmüşəm.

Can verib almaq istərəm busə dəhani-yardən, Bu yoxü vardən keçib, gör nə xəyalə düşmüşəm.

Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm, Nöqteyi-əvvələm, vəli, növbədə dalə düşmüşəm.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.