Qaşların sevdasına könlüm düşübdür müttəsil
Qaşların sevdasına könlüm düşübdür müttəsil, Böylə bir sevdayə heç kəs dözməyə qadir deyil.
Ixtiyarsız hər baxışla bu üzü qarə gözüm, Eyləyir qarşında mən biçarəni xarü zəlil.
Bütpərəstlik rəsmi olmazdı bu aləmdə, əgər Surətini görməsəydi mərdümi-Çinü Çəkil.
Sən ki, möhkəmsən rəqibdən əhdinə, peymanına, Əhdsiz adlandıra hər kim səni, yoxdur dəlil.
Ahım ilə göz yaşımdan sərv qəddin atdı boy, Sərv atar boy orda kim, abü həvadır mötədil.
Cismini candan, könüldən xəlq ediblər ol zaman Kim, sudan, gildən qəza nəqqaşı çəkmişdir şəkil…
Əhd edib, versin Füzuli canını qurban sənə, Etməyəydi qarə bəxti kaş onu səndən xəcil.