Əsas məzmuna keç

Qəzəl

Qara saçın ki, zülmatındadur nur

İmadəddin Nəsimi

1

Qara saçın ki, zülmatındadur nur, Anın adıdurur nurən-ə’lanur.

Yanağından əyan oldu ənəlhəq, Qaçan surət olar güzgüdə məstur.

Nəzirin yoxdur, ey dilbər, nəzirin, Zəhi sahibnəzər pakizəmənzur.

Mana məqsud iki aləmdə sənsən Ki, sənsən cənnətü cənnətdəki hur.

Nə meydən əsrimiş nərgislərin kim, Məni əndişəsindən qıldı məxmur.

Nə müshəfdür ki, hüsnün ayətini Bəyan etdikcə əql andan düşər dur?

Vüsalın cavidani səltənətdir, Bu dövlət olmadı hər şaha məqdur.

Gəl, ey sultani-aləm, arif ol kim, Məlik mə’nidə arifdir, nə fəğfur.

Əgər nuş istər isən nişə qatlan Ki, nuşu nişsiz verməz bu zənbur.

Nə qeyrətli ənəlhəqdir bu, yarəb, Ki, Mənsuru asar darına mənsur.

Çıxar pənbə qulağından, gözün aç Ki, həşr olduvü çalındı bu gün sur.

Ləbin lə’li-Bədəxşan eylədi mat, Həbəş mülkündə xalın asdı mənşur.

Nəsimi çünki həqqə vasil oldu, Gərək matəm tut, ey münkir, gərək sur.

Lüğət: Nur – İşıq; Məstur – Gizli; Zəhi – Afərin; Məxmur – Sərxoş, xumar; Müshəf – Kitab; Dur – Uzaq; Məqdur – Qüvvəçatan, qaçılmaz; Məlik – Padşah; Zənbur – Arı; Pənbə – Pambıq; Münkir – İnkar edən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.