Qamətindən münfəildir sayeyi-sərvi-bülənd
Qamətindən münfəildir sayeyi-sərvi-bülənd, Həsrətindən ər’ərü şümşad olubdur dərdmənd.
Arizin bağında zülfin tarinə bənd eyləgil, İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd.
Sərbəsər bir tareyi-muyin bəhasıdır sənin Mülki-Təbrizü Cəğatayü Xorasanü Xocənd.
Ta ki, gəldi, ey sənəm, eşqin xəyalı başimə, Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd.
Canımı eşqinə təslim eylədim ixlas ilə, Ol pəri peykər məni, yarəb, nədən qılmaz pəsənd?
Dər biyabani-təhəyyür qalmışam bixürdü xab, Valehi sərgəştəvü heyranü zarü müstəmənd.
Bu Xətayi ləblərin eşqində gər ah eyləyə, Ahinin suzindən olur xak ol kuhi-Səhənd.
Lüğət: Ariz – yanaq; Sərbəsər – başdan-başa; Üqba – axirət, o biri dünya; İxlas – sevgi, səmimiyyət; Təhəyyür – heyrətlənmək; Xab – yuxu; Müstəmənd – yazıq, dərdli; Xak – torpaq