Qamətin xidmətinə sərvin əgilməz başi
Qamətin xidmətinə sərvin əgilməz başi, Nə bilir əhli-təriqin rəvişin ol naşi.
Ögünür didə ki, heyranəm əzəldən üzünə, Oldu mə’lum bu lafında ki, çoxdur yaşi.
Əşk lə’li rəhi-eşqində tutubdur ətəgim, Qorxuluqdur, necə salıb gedəlim yoldaşi?
Yetdi ol qayətə zə’fim ki, çəkər təsvirim Hər zaman daireyi-heyrətə min nəqqaşi.
Möhtəsib, Tanrı üçün’ gəl mənə çox vermə əzab, Meyli-məscidmi edər meykədələr ovbaşi?
Kəsdi mən şiftədən əhli-səlamət yolunu, Bəs ki, ətrafıma cəm’ oldu məlamət daşi.
Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə, Səbəb ol qaşları yayin gözüdür, ya qaşi.
Lüğət: Didə – göz; Əşk – göz yaşı; Möhtəsib – dinin qanunlarını qoruyan mə’mur; Şiftə – aşiq, məftun, vurğun