Əsas məzmuna keç

Qəzəl

Özün eşq atəşinə vurmağa dilşad pərvanə

Xurşidbanu Natəvan

1

Özün eşq atəşinə vurmağa dilşad pərvanə, Bəli, bir dəfə yanmaqdan olur azad pərvanə.

Görür məclislər içrə şəmi hər şəb yari-əğyarə, Onunçun yanmağın tərhin qılır bunyad pərvanə.

Sənə ey şəm, töhmətlər qalır məşuqələr içrə, Əgərçi xirməni-ömrün qılır bərbad pərvanə.

Demə məşuqi-bipərvadır şəmə kim, məlamətdən Verib can sübhətək, oldu vəfadan şad pərvanə.

Bilib şəmin vəfasın, cismi-canın atəşə yaxdı, Qəmi-hicri-dəmi-vəslində etdi şad pərvanə.

Cəfayi-hicrdən canə yetib şövqi-vüsal ilə, Yanıb şəmin oduna, etmədi fəryad pərvanə.

Yanar çün Natəvan xəstə müdam ol atəşi-qəmdən, Səbur ol, eylə adət, şiveyi-ustad, pərvanə!

Lüğət: Tərh – eskiz; Bipərva – qorxusuz; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.