Əsas məzmuna keç

Qəzəl

Özümlə olsa idi, mən cahanə gəlməz idim

Seyid Əzim Şirvani

1

Özümlə olsa idi, mən cahanə gəlməz idim, Gətirdilər məni, amma mən anə gəlməz idim.

Bu dami-eşqə məni saldı daneyi-xalın, Firib verməsə idi o danə, gəlməz idim.

Görünməsəydi əgər hər məkanda nuri-rüxün, Fəzayi-qüdsü qoyub, bu məkanə gəlməz idim.

Dəhani-yardən olsaydı bir əsər zahir, Yəqini tərk qılıb, mən gümana gəlməz idim.

Qədimi eylər idim dərd ilə qəmində kəman, Xədəngi-çeşmüvə, bilsəm, nişanə gəlməz idim.

Bəhanə ilə yetərmiş vüsalə aşiqlər, Və gər biləydim onu, bibəhanə gəlməz idim.

Olaydı zatım əzəldən əgər zəri-xalis, Yanıb bu butə ara imtahanə gəlməz idim.

Bu zövqdən eləmə, bağban, məni məyus, Gülüm olaydı əgər, gülsitanə gəlməz idim.

Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid, Ümidi-mərhəm ilə mən fəğanə gəlməz idim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.