Əsas məzmuna keç

Qəzəl

Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı

Seyid Əzim Şirvani

1

Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı, Səri-kuyində yarın bir fəqiri-müztərim qaldı.

Çağırdı bəzmi-işrətdən rəqib, ol mehriban getdi, Səbu zanudə, mey minadə, əldə sağərim qaldı.

Gedib Fərhadü Məcnun, dəhrdən, mən qalmışam tənha, Nə bir həmdəm, nə bir munis, nə yarü yavərim qaldı.

Vücudimi fələk, ari, qılıb nəqşi-əvarizdən, Bu aləmdə mənim zati olan öz cövhərim qaldı.

Diriğa, dərd kim, gəldi əcəl, mən getdim aləmdən, Rəqibi-bülhəvəslərlə o mahi-ənvərim qaldı.

Cigər pərkaləsindən vermədin tabutuma zinət, Təmamə yetmədi getdim, cahanda zivərim qaldı.

Bihəmdilləh ki, qaldı yadigar əşari-canbəxşim. Əgərçi, Seyyida, nə mülkü malü nə zərim qaldı.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.