Əsas məzmuna keç

Qəzəl

Övliyadan hasil etdik eşq ilə sevdayi biz

Şah İsmayıl Xətai

1

Övliyadan hasil etdik eşq ilə sevdayi biz, Zahidə verdik anunçün zöhd ilə təqvayi biz.

Dedilər ki, yedi tamu zülmətin hicranidir, Ölmədən öndən cəhanda çəkdik ol ğövğayi biz.

Dedilər ki, səkiz uçmaq sirr olubdur zahidə, Pərdəsiz nur anda gördük cənnətül-mə’vayi biz.

Cənnət elindən içəri bir əcayib mülk var, Bihicab ol eldə gördük pirim, ol həmtayi biz.

Canü canan bilmişidik küfrü dini biədəb, Qə’reyi-ümmanə daldıq, keçdik ol dəryayi biz.

Neçələr talib olubdur bu hüma kölgəsinə, Çin elindən seyr edərkən bulduq ol dəryayi biz.

Ey Xətayi, dedi tuba pirimin yeg boyuna, Heydərin yüzündə gördük ol güli-rə’nayi biz.

Lüğət: Zöhd – pəhrizkarlıq; Uçmaq – behişt; Cənnətül – mə’va – behişti mənzili; Küfr – inamsızlıq, kafirlik; Talib – tələb edən, istəyən; Çin – düz, doğru, qıvrım; Tuba – cənnət ağacı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.