Əsas məzmuna keç

Qəzəl

Ondan soruşun sirri-dəhanı, nə bilim mən

Məhəmməd Füzuli

1

Ondan soruşun sirri-dəhanı, nə bilim mən? Allah bilir ol razi-nihanı, nə bilim mən?

Canla baxıram, gözlə nə hacət ona baxmaq, Ondandı həyatım, daha canı nə bilim mən?

Dəm vurdu rəqibim o bütün mərhəmətindən, Yox bütdə o xislət, bu yalanı nə bilim mən?

Tənha gecələr şəm ilə həmraz ola bilməm? Gərçi dili vardır, o zəbanı nə bilim mən?

Ərbabi-vəfa rəsmini məndən xəbər alma, Onlar bilir övzai-cahanı, nə bilim mən?

Saqi, qədəhi tərk eləyib sufilik etsəm, Eyb eyləmə, yaxşını, yamanı nə bilim mən?

Həmkasəmiz olmaq diləyirsənsə, Füuli, Göstər sən özün, kuyi-müğanı nə bilim mən?

Könlümü dərdə salan ol ləbi-meygun olmuş, Nə edim, yoxdur əlacım, ürəyim xun olmuş.

Bunca, ey şəm, mənə gülmə ki, sərmayeyi-eşq Ah ilə göz yaşıdır, məndə o əfzun olmuş.

Getdi Məcnun, məni eşq etdi əsiri-qəmi-dil, Dərdə dözməkdə mənim tək, demə, Məcnun olmuş.

Vurmadım bir gilə su yandığım eşq atəşinə, Gərçi əşkin vətəni bu dili-məhzun olmuş.

Sən xərab eylədin əhvalımı peyvəstə, fəqət Olmamışdır belə ki, indi digərgun olmuş.

Gah səndən edirəm nalə, gəh əğyarimdən, Qəmi-pünhanü əyan halıma məzmun olmuş.

Ey Füzuli, mənə ol mah cəfa etdisə də, Yoxdur ondan gileyim, baisi gərdun olmuş.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.