Ömr olmasa, yaş olmasa mən neyləyə billəm
Ömr olmasa, yaş olmasa mən neyləyə billəm, Yaş yara şabaş olmasa mən neyləyə billəm.
Ceyran kimi məndən qaçar ol gözləri ceyran, Rəftarı yavaş olmasa mən neyləyə billəm.
Dəf etməyə zülfün qoşunun mülki-rüxündən. Xəncər kimi qaş olmasa mən neyləyə billəm.
Aşiqlərə ağlar gözü nöqsan demə ey gül, Bir gözdə ki, yaş olmasa mən neyləyə billəm.
Gər ağlamasam naləvü əfğan ilə eşqim, Aləmlərə faş olmasa mən neyləyə billəm.
Süd verməz ana, ağlamasa körpə məsəldir. Məndə bu təlaş olmasa mən neyləyə billəm.
Tab etməyə ağır qəmi-hicrana Şəfai, Qəlbim evi daş olmasa mən neyləyə billəm.