Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi
Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi. Ələ al sən əyaği-badəni eylə kərəm, saqi.
Nə oldu böylə kim, indi zəlili-ruzigar oldum, Məni piri-müğan saxlardı daim möhtərəm, saqi.
Bilurin sağəri ləbriz qıl xurşidi-səhbadən – Ki, bizdən razı olsun xatiri-Cəmşid-Cəm, saqi.
Xəyali-taqi-əbruyi-kəci-mehrab-mislinlə, Əliftək qamətim keysulərintək oldu xəm, saqi.
Dəhani-yar fikrilə yox oldu cümleyi-varım, Vücudum oldu, gör bir nöqtə eşqində ədəm, saqi.
Behişti verdi Adəm danəyə, mən daneyi-xalə, Olum qoy xaluva qurban özüm mən, həm dədəm, saqi.
Tutulmuş qönçətək hicrində qəmdən xatiri-Seyyid, Səri-minanı aç, xatirdən eylə dəfi-qəm, saqi.