Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki
Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki, Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki.
Olmayaydım ol pəri eşqində rüsvayi-cahan, Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki.
Göstərib əvvəl vəfa, axır olurlar bivəfa, Olmayaydı xubrulərdə bu adət kaş ki.
Ya verəydi həq sənə bir rəhm, ey bidadgər, Ya olaydı məndə bu hicranə taqət kaş ki.
İnciyib ahü fəğanımdan, kəm etdin cövrünü, Etməyəydim cövrü zülmündən şikayət kaş ki.
Seyyida, yarı görüncə vəsldə əğyar ilə, Xud qalaydım hicrdə didarə həsrət kaş ki.