Öldürür gərçi, könül, həsrəti-pabus səni
Öldürür gərçi, könül, həsrəti-pabus səni, Var ümidim ki, fələk etməyə məyus səni.
Zahidin etmə nəzər cameyi-pəşminəsinə, Könül, aldatmasın ol xirqeyi-salus səni.
Bu dili-şişəmisalında nədir rişteyi-can, Yeri vardır desələr şöleyi-fanus səni.
Ey fələk, gəl ki, bir əgri oturub düz danışaq, Əsəri-ahım edibdir belə mənkus səni?
Vəsldə göz yumuban arizi-yarə baxıram, Edərəm hicrə, könül, vəsldə pabus səni.
Görmədim bir dil açan yer dəri-dildar kimi, Ey səba, kim elədim hər yerə casus səni.
Bu qədər hicrdə əfsus çəkərsən Seyyid, Öldürür axırı, əfsus, bu əfsus səni!